İqtisadiyyat

Nazir: Azərbaycanda 170-ə yaxın Hindistan kapitallı şirkət fəaliyyət göstərir

İqtisadiyyat naziri Şahin Mustafayev Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan və Hindistan arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın inkişafına, eləcə də ölkələrimiz arasında müqavilə-hüquqi bazanın genişləndirilməsinə dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Hindistan əlaqələrinin yüksək səviyyədə olduğunu, ölkəmizin Hindistan ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. İqtisadiyyat naziri ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin, Azərbaycan Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Hindistanla əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini diqqətə çatdıran nazir Şahin Mustafayev ölkələrimiz arasında ticarət əməkdaşlığının genişləndiyini, Azərbaycanda 170-ə yaxın Hindistan kapitallı şirkətin fəaliyyət göstərdiyini bildirib. Hindistanla əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşən iqtisadiyyat naziri Hindistanlı iş adamlarını ölkəmizdə yaradılmış sənaye parkları və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib. Bildirilib ki, sənaye, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və s. sahələrində əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanlar böyükdür.

 

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq layihələr, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həmçinin ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə də məlumat verib.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Hindistan-Azərbaycan əməkdaşlığına dair fikirlərini bildirib. Vurğulanıb ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistan üçün də əhəmiyyətlidir. Səfir Azərbaycanın ixrac missiyasının Hindistana göndərilməsinin iqtisadi sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağını qeyd edib. Hindistan Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əməkdaşlıqda və əlaqələrin genişləndirilməsində də maraqlıdır.