İqtisadiyyat

İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirlərini və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edib

İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirlərini və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edib





 
 
 
 




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib.

Kanal14.az xəbər verir ki,qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

-Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz Qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik.

Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi:

-Çox təşəkkür edirik, cənab Prezidentim. Biz də öz doğma evimizdə bir daha olmaqdan çox məmnunuq. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bu gün Qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi.

Biz də bir daha Sizi qələbəniz, - Sizin qələbəniz, bizim qələbəmizdir, - bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi.

Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz. Amma təəssüf ki, Ermənistan bu imkanlardan istifadə etmədi. Ümid edirəm ki, bu dəfə bundan dərs alarlar. Döyüş meydanındakı qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, inşallah, Can Azərbaycana qaytarılacaq.

Biz Sizin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydanında, həm də masada Can Azərbaycanın yanındayıq.

Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik.

Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımızla birlikdə lazımi işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik.

Bir daha təbrik edirik. Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirlərini və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edib