İdman

Yığmamızın Millətlər Liqasında Kiprlə oyunu başqa ölkədə keçirilə bilər

Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan – Kipr oyununun məkanı ölkəmizdə tətbiq edilən komendant saatı səbəbindən dəyişdirilə bilər.

Kanal14.az bildirir ki,bu barədə apasport.az saytına AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib.

Assosiasiya rəsmisi oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan matçla bağlı dəyişikliyi istisna etməyib. Məmmədov bununla əlaqədar UEFA ilə müntəzəm əlaqədə olduqlarını vurğulayıb: "Hazırda Kiprlə oyunun Bakıda keçirilməsini planlaşdırırıq. İndiki vəziyyəti nəzərə alaraq UEFA ilə hər gün telefon vasitəsilə əlaqə saxlayırıq. Qurumun bir neçə nümayəndəsi ilə video-iclaslar keçiririk. Təbii ki, qitə futbol qurumu da baş verən prosesləri yaxından izləyir. A planına əsasən UEFA Millətlər Liqası çərçivəsində Kipr millisi ilə oyun Bakıda keçiriləcək. Komendant saatını nəzərə alaraq B planı da mövcuddur. Bu da qarşılaşmanın digər ölkədə keçirilməsidir”.

 

İcraçı vitse-prezident oktyabrın 5-dək yekun qərarın veriləcəyini əlavə edib: "Bir daha qeyd edim ki, bu məsələ hər gün UEFA ilə müzakirə olunur. Çox güman ki, oktyabrın 5-dək müvafiq qərar qəbul ediləcək. Hazırda bütün hazırlıqlar görüşün Bakıda keçirilməsi istiqamətində görülür”.