İdman

Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun son iki oyunu keçiriləcək

http://olke.az/uploads/1554611465/982287e6-dd41-4122-aa42-c29b143328b7.jpg
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun son 2 görüşü keçiriləcək.

"Kanal14.az" "Report"-a istinadən xəbər verir ki, əvvəlcə "Qəbələ" "Qarabağ"ı, daha sonra "Sabah" "Səbail"i qəbul edəcək. Bu oyunların nəticələri komandaların turnir cədvəlindəki mövqelərinə heç bir təsir göstərməyəcək. Amma xüsusən ilk oyun günündən sonra yaranmış vəziyyət bu klubları da müəyyən yerlər uğrunda mübarizəyə sövq edəcək.

Qəbələdəki görüşdə meydan sahibləri qalib gəlsə, xallarını 33-ə çatdıracaq və 3-cü pillədəki "Səbail" ilə xal fərqini minimuma endirəcək. Amma bunun üçün Bayıl komandasının debütant "Sabah"dan səfərdə xal almaması lazımdır. Hazırda 48 xala malik "Qarabağ" isə lider "Neftçi" ilə xal fərqini yenidən bərabərləşdirməkdən ötrü mütləq qələbə qazanmalıdır.

Bu, iki komanda arasında 44-cü matç olacaq. Əvvəlki 43 qarşılaşmada "Qəbələ" 10, "Qarabağ" 21 dəfə qələbə qazanıb, 12 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam təmsilçisi öndədir - 58:39. Digər tərəfdən, "Qəbələ” son 4 oyunda uduzduğu halda, "Qarabağ” 5 matçdır məğlub olmur.

Turun son matçında isə debütant "Sabah" iki mövsümdür Premyer Liqada çıxış edən "Səbail"i sınağa çəkəcək. Paytaxt təmsilçiləri bu mövsüm 4-cü dəfə üz-üzə gələcəklər. İlk 3 dövrənin görüşlərində "Səbail" məğlub olmayıb. "Sabah" isə rəqibinin qapısına qol vura bilməyib. 2 matçda "Səbail" qalib gəlib, 1 matçda heç-heçə qeydə alınıb. Topların nisbəti isə belədir - 0:5.

 

Hazırda 34 xalla 3-cü yerdə gedən "Səbail" qələbə qazansa, bürünc medala doğru daha bir addım atacaq. "Sabah" isə əsas izləyicilərinin xal itkisindən sonra qalib gəlsə, xallarını 26-ya çatdıraraq, 5-ci pillədə möhkəmlənəcək.

Azərbaycan Premyer Liqası, XXIII tur

7 aprel (bazar)

14:00. "Qəbələ” – "Qarabağ”

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Qəbələ şəhər stadionu

İlk 3 dövrədəki oyunların nəticələri: 1:4, 1:3, 1:2

16:30. "Sabah” – "Səbail”

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

"Əlincə Arena”

İlk 3 dövrədəki oyunların nəticələri: 0:0, 0:4, 0:1.

Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" "Keşlə"ni 2:1, "Neftçi" "Zirə"ni 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.