Hadisə

İrandan narkotik keçirmək istəyənlər saxlanıldı - FOTO

"Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 8 kiloqram 68 qram narkotik vasitənin və 8809 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Kanal14.az Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az -a daxil olan xəbərə əsasən bildirir ki, sentyabrın 15-də Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İrandan Azərbaycana doğru 1 nəfər şəxsin hərəkəti və sərhədboyu ərazidə naməlum avtonəqliyyat vasitəsinin olması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının "dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, nəticədə 1 ədəd bağlama içərisində ümumi çəkisi 2 kq 950 qr narkotik vasitə (2 kq "tiryək” və 950 qr "metamfetamin”) aşkar olunaraq götürül­üb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan "Kia Rio” markalı 99-HX-897 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.

Avtomobildə saxlanılan şəxslərin Salyan rayon sakinləri 33 yaşlı Babayev Əliağa Rəsul oğlu və 27 yaşlı Kazımzadə Nicat Zaur oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Həmin gün Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsindədə İrandan Azərbaycana doğru 1 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal "silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış və sərhəd naryadı tərəfindən həmin şəxsə "dayan” əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılmış və ondan 1 ədəd bağlama götürülüb. Saxlanılan şəxsin İran vətəndaşı 1969-cu il təvəllüdlü Pənahi Qulaməli Məhəmmədəli oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 942 qram narkotik vasitələr (575 qr "heroin”, 300 qr "metamfetamin”, 1 qr "metadon” və 66 qr qurudulmuş "marixuana”) aşkar edilib.

Sentyabrın 18-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının xid­­məti sahəsində İrandan Azərbaycana doğru 2 nəfər şəxsin Araz çayını keçərək hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal "silaha” komandası ilə qaldırılaraq dövlət sərhədinin pozulduğu istiqamətə hərəkət ediblər. Sərhəd pozucuları hadisə yerin­dən uzaqlaşmağa çalışarkən sərhədçilər tərəfindən təqib edilərək saxlanılıblar.

Saxlanılan şəxslərin İran vətəndaşları 34 yaşlı Kıanı Behnam Əli oğlu və 42 yaşlı Behzad Pırıvatlou Reza Mahmud oğlu olması müəyyənləşdirilib. Onlardan götürülmüş bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 176 qram narkotik vasitə və psixotrop həblər (3 kq 182 qr "heroin”, 994 qr "metamfetamin”, 8789 ədəd "Metadon-40” həbi və 20 ədəd "Buprenorphine-2” həbi) aşkar edilib.

Hər üç fakt üzrə cinayət işi başlanılmış, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində "həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.