Hadisə / Sosial

“Dərman növbəsində mənə sıra 4 saat sonra çatdı”

"Orqan köçürülmüş qohumum üçün dərman almağa getmişdim, düz 4 saat sonra mənə növbə çatdı”.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu sözləri "Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu sosial şəbəkədə yazıb. Bildirib ki, növbə gözləyənlər arasında ucqar rayonlardan gəlmiş xeyli vətəndaş da olub: "Böyrək köçürülənlər üçün hökumət pulsuz hər 25 gündən bir dərman verir. Dərmanlar olmadan onlar yaşaya bilməzlər. Ömürlərinin sonuna kimi. O dərman da yalnız Kliniki Tibbi Mərkəzin Gemodializ şöbəsində verilir.

Mən qohumum üçün bu gün ora getdim. Səhər saat 07:30-da oradaydım. Növbə tutdum, 28-ci oldum. Dərmanları yalnız 11:15-də ala bildim. Məndən sonra növbədə xeyli adam vardı, çoxu rayondan gəlmişdi. Balakəndən tutmuş Qusar, Quba və sairə. Mən çıxanda 120 nəfər növbədə adam saydım.

Bu dərmanları regionlar üzrə böyük şəhərlərdə vermək olmazmı?”

"Qafqazinfo” məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxlayıb. O bildirib ki, dərmanların yenidən regionlarda verilməsinə şərait yaradılması məsələsi gündəmdədir:

"Orqan  köçürməsi alan xəstələrə dərman verilməsi ilə bağlı dövlət proqramı daha öncə Səhiyyə Nazirliyində olub. Bizə bildirildi ki, əvvəllər regionlarda da xəstələrə dərmanlar verilirdi. Daha sonra qərar verilib ki, mərkəzləşdirilmiş qaydada sadəcə Kliniki Tibbi Mərkəzdən verilsin. Fevral ayından dövlət proqramı bizə keçirilib və hazırda da mexanizm üzərində iş gedir. Ancaq həmin şəxslərin də sayı elə də çox deyil ki, kütləvi növbələr olsun. Məsələn, ölkədə cəmi bir şəxsə ürək köçürülüb, qaraciyər və böyrək köçürülənlər isə nisbətən çoxdur. Onlar dərman almaq üçün adətən ayrı-ayrı vaxtlarda gəlirdi. Sadəcə bu dəfə nədənsə belə bir vəziyyət yaranıb. Bildiyimiz kimi KTM-in rəhbəri də yenicə dəyişib və orada da kadr islahatları gedir. Bizə bildirilib ki, şöbədə növbə və gözləmələr yaranmaması üçün əlavə kadr da cəlb olunub”.