Hadisə

Sumqayıtda iki nəfəri öldürən sürücünün işi ekspertizaya göndərildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirləndirilən sürücü Şamil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən mərhum Vüsal Quliyevin anası Rəfiqə Quliyeva bildirib ki, Ş.Həsənov hadisə zamanı avtomobili saatda 175 km-lə sürətlə idarə edib.

Ş.Həsənov isə avtomobilini saatda 60 km-lə sürətlə idarə etdiyini deyib.

Daha sonra məhkəmə cinayət işininin yenidən ekspertizaya göndərilməsi barədə qərar çıxarıb.

 

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttihama görə, bu il martın 12-də Sumqayıt şəhərində Həsənov Şamil Bəhram oğlunun sərxoş halda "Hyundai Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı "Oka” markalı avtomobillə toqquşub. Nəticədə E.Həsənov və sərnişin Quliyev Vüsal Vidadi oğlu hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ş.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.