Hadisə

Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyi qaçqın və şəhid ailələrinə qurban payladı

Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyi qaçqın və şəhid ailələrinə qurban payladı
 
 
 
 
 
 
 
 
 
 
 

 

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyi”nin sədri Emin Həsənlinin birgə əməkdaşlığı sayəsində Türkiyə Respublikasının Milliyyətçi Həkimlər Dərnəyi tərəfindən Qarabağdan məcburi köçkün düşən qaçqınlara, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə Qurban bayramı münasibətilə qurban sovqatları paylanılıb.

Dogruxeber.az xəbər verir ki, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İB”-nin sədri E. Həsənli Azərbaycan xalqını müqəddəs bayram münasibətilə təbrik edib. O, bu cür aksiyaların hər il ardıcıl olaraq keçirildiyini bildirib:

"Biz Türkiyənin bir çox dərnəkləri ilə xüsusi əməkdaşlıq işləri görürük. Türkiyə "Məclis Olaylar” dərnəyi, Müxalif Qazilər dərnəyi, Türkiyənin Şəhid Ailələri” dərnəyi, "Aydın Ocaqlar” dərnəkləri ilə ardıcıl olaraq bu kimi aksiyalar keçiririk. Həmçinin sevindirici hal odur ki, artıq Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyi ilə də əməkdaşlığa başlamışıq. Qurban Bayramı ilə əlaqədar olan bu aksiyamız avqusta ayının 11-dən Qarabağda, cəbhənin təmas xəttinə yaxın olan kəndlərimiz və bölgələrimizdə keçirilib. Son olaraq, tədbirimizi Bakıda davam etdiririk.”

Dərnəyin təmsilçisi Məhəmməd Eyyub Dəlibalta xalqımızı Müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və bayramı burada keçirməyindən məmnunluğunu bildirib: "Artıq 3-cü dəfədir ki, Azərbaycanın bir çox bölgələrində Qurban Bayramı ilə əlaqədar kəsimlər həyata keçiririk. Digər illərdən fərqli olaraq, bu ilki bayram kəsimlərimiz daha genişmiqyaslı olub. Belə ki, son 3 gün ərzində cəbhə xəttinə yaxın olan bölgələrdə – Ağdamda, Tərtərdə, Bərdədə torpaqlarından didərgin düşmüş vətandaşlarımıza, qarabağ əlilləri, şəhid və ehtiyacı olan ailələrə bayram münasibətilə qurbanlar kəsilib, sovqatlar paylanılıb. Həmçinin cəbhə bölgəsində yerləşən hərbi hissələrdə əsgərlərlə görüş keçirilib. Tədbirlərimizin həyata keçməsində göstərdiyi dəstəyə görə, Ağdam, Tərtər və Bərdənin İcra hakimiyyəti başçılarına, həmçinin E. Həsənliyə göstərdiyi yardıma görə xüsusi minnətdarlığımı bildirirəm.”

Qeyd edək ki, Bakıda kəsilən qurbanlıq payları Mərdəkan qəsəbəsində, Xocalıdan qaçqın düşən məcburi köçkünlərin məskunlaşdığı ərazidə paylanılıb. Aksiyada Millət vəkili Flora Qasımova, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyi”nin sədri Emin Həsənli, Türkiyə Respublikasının Milliyyətçi Həkimlər Dərnəyi”nin üzvləri – Məhəmməd Eyyub Dəlibalta, Merve Küçük iştirak ediblər. Aksiya təşkilatçıları məcburi köçkünlərin qarşısında çıxış edərək, onları müqəddəs gün münasibətilə təbrik ediblər və növbəti Qurban Bayramını işğal olunmuş torpaqlarımızda keçiriləcəyinə ümid etdiklərini bildiriblər./Turkustan.info

Paylaş: