Hadisə

Lənkəranda 125 mm-lik top mərmisi aşkar edilib

http://olke.az/uploads/1547586068/frgfrewrfg.jpg
 
Lənkəranda 125 mm-lik top mərmisi aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, ötən gün saat 15:42-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-9) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Top mərmisinin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 yanvar 2019-cu il tarixlərində 11 siqnal (əməliyyat çağırışı) əsasında 7 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Goranboy, Göygöl, Şəmkir, Tovuz rayonları və Lənkəran şəhəri ərazisində 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, 3,290 kv.m ərazi yerüstü yoxlanılıb.