Gündəm

Gəncəyə atılan “Elbrus”: nəyə qadirdir və niyə qadağandır?

Gəncəyə atılan “Elbrus”: nəyə qadirdir və niyə qadağandır?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Oktyabrın 11-i Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə atılan "Skad” (Elbrus) raketi əksər hallarda qeyri-dəqiq olması səbəbindən istifadəsi tövsiyə edilmir. Ekspertlər bildirirlər ki, sonuncu dəfə 1987-ci ildə istehsal edilən bu raketlər köhnə olduğu üçün dəqiqlik xüsusiyyətini itirib. Bu da həmin raketin hədəfdən yayınmasını labüd edir. Buna görə də "Skad” raketlərindən hətta mülki obyektlərə yaxın olan hərbi hədəflərin məhvi üçün istifadə etmək qadağandır.

Kanal14.az bildirir ki, "Skad” - Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilib. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad” adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur.

Bu raket sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk sınağı 18 aprel 1953-cü ildə həyata keçirilib.

Raketin sürəti maksimum Mach 5.0-dir (1.7 km/s), Maksimum atış məsafəsi 270 km, nüvə başlığı daşıdıqda isə 150 km-dir.

Raketin mülki hədəflər üçün təhlükəsi haqda dünya mediasında onlarla məqalə yayımlanıb. Qeyd edilir ki, İraq lideri Səddam Hüseyn "Skad”dan İran-İraq müharibəsi zamanı İrana və Körfəz müharibəsində İsrailə qarşı istifadə edib. Hər iki halda böyük dağıntılar və insan tələfatı qeydə alınıb.

Bütün bunlar göstərir ki, Ermənistanın faşist mahiyyətini ortaya qoyaraq "Skad”ı bilərəkdən seçib və hərbi əməliyyatlarda belə nadir istifadə olunan bu dağıdıcı silahı mülki əhaliyə qarşı tətbiq etməklə hərbi və insanlıq cinayəti törədib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncənin mülki əhalisinə qarşı 10 oktyabrdan 11 oktyabra keçə gecə, saat 02:00 radələrində endirdiyi ballistik raket zərbəsi nəticəsində 10 nəfər ölüb, 34 nəfər yaralanıb.

(Axar.az)