Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Ordumuz Ermənistanın növbəti təxribatına qətiyyətli cavab verdi

Ordumuz Ermənistanın növbəti təxribatına qətiyyətli cavab verdi
"Bütün dünyanın dəhşətli bir bəla COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti dəfə təxribata əl atması – Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi təsadüfi deyil”.
Bunu "Yeni Gündəm”-ə açıqlamasında Şamaxı İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov bildirib.

 

 

Hikmət Şikarov qeyd edib ki, bu, bir tərəfdən işğalçı ölkənin faşist xislətindən irəli gəlirsə, digər tərəfdən Azərbaycanın son vaxtlar beynəlxalq miqyaslı təşəbbüslərlə çıxış etməsinə, artan nüfuzuna qısqanclıqla yanaşması, Nikol Paşinyan hakimiyyətinin öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa cəhd göstərməsi ilə bağlıdır:

"Lakin qürurverici haldır ki, rəşadətli Azərbaycan Ordusu təxribatın qarşısını böyük cəsarətlə alıb və ermənilər çoxsaylı itki veriblər. İşğalçılar bu dəfə də istəyinə nail ola bilməyib və layiqli cavabını alaraq geri oturdulub. Mənfur düşmən öz çirkin xislətinə sadiq qalaraq sərhəddə süni gərginlik yaradaraq, yeni ərazilər əldə etmək cəhdinin bir daha növbəti təxribatı olduğunu göstərmiş oldu. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də düşmən ən çirkin əməllərə əl atmışdır.

Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuş, insanların evləri, əmlakları, həyətyanı və əkin sahələri dağıdılmışdır. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən şəhid olmuş hərbçilərimizin intiqamı layiqincə alınmış, onların qanı yerdə qalmamış və mənfur düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar”.

Hikmət Şikarov vurğulayıb ki, bu gün işğalçı ölkədə dərin siyasi böhran hökm sürür, sosial-iqtisadi şərait gündən-günə ağırlaşır, ölkə iqtisadiyyatı bir sıra xarici dövlətlər və diaspor tərəfindən edilən yardımlar, habelə ianələrdən asılıdır: "Bu ölkədə COVID-19 pandemiyası səbəbindən ağır fövqəladə vəziyyət yaşanır. Bununla bağlı Qafqazda ən acınacaqlı vəziyyət məhz Ermənistandadır. Bütün bunların nəticəsidir ki, ölkədə sosial gərginlik pik həddədir. Beləliklə, Azərbaycan – Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlü¬yünün, əsgər və zabitlərimizin döyüş şücaətinin yeni örnəyidir. Ordumuzun düşmənin istənilən həmləsinə layiqli cavab verəcəyinə, şəhidlərimizin qanını yerdə qoymayacağına, işğal altında olan torpaqlarımızı azad edəcəyinə inamımız tamdır.Bir sözlə, Tovuzda, dövlət sərhəddində baş verənlər adi sərhəd toq-quşması deyil, Ermənistanın öz işğalçı siyasətini davam etdirmək cəhdidir. Ermənistan rəhbərliyi hər zaman olduğu kimi, ikiüzlü, riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır.

Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Sonda bir daha vurğulamaq yerinə düşər ki, ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə vahid ideya ətrafında sıx birləşə bilir. Buna görə də həmrəy olub, Ali Baş Komandanın əmrini gözləməli, lazım gələrsə vətənimiz qarşısında borcumuzu ödəməyə hazır olmalıyıq”.