Gündəm / Cəmiyyət / Mədəniyyət

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir






 
 
 





2010-cu il iyun ayının 18-i Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələri ilə gedən qanlı döyüşdə yüzlərlə erməni əsgərini məhv edən və yaralayan Mübariz İbrahimovun adı indi dillər əzbəridir. 
İyunun 18-də gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz, birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından düşmənin özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cəhətlərini üzə çıxarır. Azərbaycanın igid döyüşçüsü Mübariz Ağakərim oğlu İbrahimov səhər saatlarında ermənilərlə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Kanal14.az xəbər verir ki, 22 yaşlı Mübariz İbrahimova Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin sərəncamı ilə 22 iyul 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı adı verilir. 
Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin digər bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək üçün aşağıdakılar qərara alınır:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonundakı küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
Onu da qeyd edək ki, "Palmalı” Şirkətlər Qrupunun Prezidenti Mübariz Məsimov şirkətin tankerlərindən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adını verib. 
Mübariz İbrahimovun adını daşıyan gəmi 2011-ci ildə qəhrəmanın ata-anasının iştirakı ilə suya salınıb. Türkiyədə suya salınan bu gəmi Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya ölkələrində tanıdır.
Bir vaxtlar adı bir cənub rayonu kimi tanıdığımız Biləsuvar rayonu bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğulub, böyüdüyü el-oba kimi hamının diqqət mərkəzindədir. Ölümü ilə ölümsüzlüyə qovuşan Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndindəki evləri indi ziyarətgaha çevrilib. Onların evinə insanların axını hər gün davam edir. Əslində başqa cür də ola bilməz, çünki Mübariz adına layiq yaşadı və adını tarixə yazdırdı. Həmçinin, Mübariz min bir bəhanə ilə əsgərlikdən yayınmağa, ölkədən qaçanlara gözəl cavab verdi.
O zaman millət vəkili Qənirə xanım Paşayeva Biləsuvara səfər etməklə hamıya anlatdı ki, Vətən şəhid oğullarını heç zaman unutmayacaqdır.
Artıq Mübariz bir ailənin yox, bütün Azərbaycan xalqının oğludur. Onun haqqında danışarkən "Bizim Mübariz” deyirlər. İndi hər yerdə, ictimai binalarda, məktəblərdə, maşınların üstündə Mübarizin şəklini görmək olar.
Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Şəhid Malik Piriyev adına tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra düşmənə qarşı sonsuz nifrət və qisas hissi onu rahat buraxmayıb. Torpaqlarımızın işğalı onun bir an belə yadından çıxmırdı. Xocalıda qətlə yetirilən günahsız uşaqlar, əsir saxlanılan qız-gəlinlər, talan edilən ellər-obalar onu narahat edirdi.
Az sonra Mübariz könüllü olaraq Milli Orduya yazıldı. Öz ərizəsi ilə ön cəbhəyə göndərildi. Bir ay ərzində Vətənə məhəbbət və düşmənə nifrət hissi ilə içini dağıdan arzusunun həyata keçirmək vaxtının çatdığına qərar verdi.
Qəhrəmanın valideynlərinə baxanda onda bu məğrurluğun, qüdrətin haradan qaynaqlandığına əmin olursan. Mübarizin anası Şamama xanım oğlu haqqında qürurla danışır: "Mən fəxr edirəm ki, belə bir oğlun anasıyam. O, yenidən dünyaya gəlsəydi, istərdim ki, yenə də döyüşlərə getsin və daha çox erməni faşistini qırsın. Bu onun arzusu idi. Əminəm ki, arzusuna qovuşduğuna görə Mübarizin ruhu rahatdır”.
Şamama ana bu gün onun çarpayısında yatmaqla oğlunun qoxusunu içində yaşatmağa, onu hiss etməyə çalışır.
Ana bu acını oğlunun şəhid olması qüruru ilə ovutmağa çalışır:
- Onun çox möhkəm iradəsi var idi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün hər şey edərdi. O, üçüncü sinifdən idmanın boks növünün sirlərini öyrənməyə və güləşə gedirdi. Daimi idmanla məşğul olurdu. Uşaqlıqdan döyüş filmlərinə çox böyük maraq göstərirdi. Son zamanlar evdə tez-tez "Mən sağlam olmalıyam. Heç vaxt xəstə düşə bilmərəm. Çünki sağlamlıq mənə öz arzularımı yerinə yetirmək üçün lazım olacaq” - deyərdi. 
Axırıncı dəfə 10 günlük məzuniyyətini başa vurduqdan sonra evdəkilərlə sağollaşanda anası ardınca su ataraq sağ-salamat qayıtmasını arzulayıb. Mübariz isə anasına "Suyu kiminsə arxasınca atanda onun qayıtmasını arzulayırlar. Arxamca su atma, onsuz da qayıtmayacağam” - deyə cavab verdi: "Haqqını halal et və mənə şəhidlik arzula”.
Atəşkəs olsa da, əsgərlərimizi güllələrinə tuş etmək fürsətini əldən verməyən ermənilər həmin gün elə bil kor olmuşdular. Bəlkə Allaha and içməklə ibadətlə məşğulluğu müqabilində Allah da ona möhtəşəm missiyasını həyata keçirməyə imkan vermişdi. Elə bil onu minaların üstündən mələklər qanadlarında aparmışdı. 
Yoldaşlarının dediyinə görə növbəni təhvil verib, axşam yoxlamasından sonra namazını qılıb, sonra da gedib valideynlərinə məktub yazıb. Məktubu şinelinin cibinə qoyub, telefonunu söndürüb, axşam saat 11-də silahını götürərək kazarmadan çıxıb.
Canından, qanından çox sevdiyi Vətənə sevgisini ifadə etməyə, borcunu ləyaqətlə yerinə yetirməyə yollanmazdan əvvəl yazdığı məktub indi hər bir azərbaycanlının dilində əzbərdir.
"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allah xatirinə bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olunadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allah ibadətini dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür, Vətən sağ olsun!
Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Atası Ağakərim onun haqqında qürur hissi ilə danışır: "Oğlum Mübarizlə həmişə fəxr edirəm”.
İndi təkcə Ağakərim ata deyil, bütün azərbaycanlılar onunla fəxr edir.
Ali Baş Komandanın bir əmri yetər ki, neçə illərdir canını dişinə sıxıb dözən, qəzəbi səbrini üstələyən vətənpərvər oğullarımız torpaqlarınızı işğaldan azad etsinlər. Mübariz həsrət qaldığımız Vətən torpağına qanı axan şəhidimizdir.
Bəli, Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir. Allah ruhunu şad eləsin, qardaşım Mübariz. 

Mübariz

 

Düşmənə nifrətin coşdu qanında,

Adladın dumandan, çəndən, Mübariz.

Döndün bir pələngə düşmən yanında,

Baxmadın bu dərdə gendən, Mübariz.

 

Quduz düşmən ilə durdun üz-üzə,

Qoymadın düşməni qürurla gəzə.

Qələbə yolunu göstərdin bizə,

Yağılar üstünə getdin, Mübariz.

 

Dünyanı bir anda heyrətdə qoydun,

Düşmənin qəzəbli gözünü oydun.

Fikrin iti oldu, məqsədin aydın,

Yadları pərişan etdin, Mübariz.

 

Gördük igidliyin barın, bəhərin,

Nuruna boyandıq aydın səhərin.

Heç vaxt unudulmaz sənin hünərin,

Haqq yerin tapmayır nədən, Mübariz.

 

Döndü əfsanəyə ömrün, həyatın,

Dillərdə əzbərdi hünərin adın.

Qoymadın özgələr oynada atın,

Qalib gələcəkdir Vətən, Mübariz!


 

Rəsmiyyə Heybətağaqızı

 

 

 

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir