Gündəm

Mayk Pompeo Azərbaycan xalqını təbrik edib

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycanı Respublika günü münasibətilə ABŞ hökumətinin adından təbrik edib.
Kanal14.az
bu barədə ABŞ Dövlət Departamentinin saytına istinadən məlumat verir. 
Təbrikdə deyilir:
"Amerika Birləşmiş Ştatları Hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edirəm. ABŞ və Azərbaycan təqribən 30 ildir ki, mühüm tərəfdaşlıq əlaqələri saxlayır. Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib məsələlərlə məşğuluq. Əfqanıstanda sülhün bərqərar olması və "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün birlikdə çiyin-çiyinə çalışırıq.  Ölkələrimiz dünyada mühüm problemlərin həllində əməkdaşlığını davam etdirir”.
M.Pompeo qeyd edib ki, ATƏT Minsk qrupunun həmsədr ölkəsi olaraq ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir:
"Bu il COVID-19 pandemiyası yeni çağırışların yaranmasına səbəb olsa da, mən əminəm ki, Azərbaycan xalqı bunun öhdəsindən cəsarətlə və qətiyyətlə gələcək. ABŞ Azərbaycanın yanındadır , ölkənin suverenliyini və müstəqilliyini dəstəkləyir”.