Gündəm / Dünya

ABŞ-ın nüfuzlu radiosunda Dağlıq Qarabağ müzakirəsi

ABŞ-ın nüfuzlu "Con Batçelor Şou” radio proqramında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Kanal14.az bildirir ki, səfirlikdən "Report"un xüsusi müxbirinə verilən məlumata görə, proqrama Corctaun Universitetinin professoru, enerji sahəsi üzrə tanınmış mütəxəssis Brenda Şaffer və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qatılıb.

Şuşanın işğalının ildönümü ərəfəsində baş tutmuş müsahibədə tanınmış jurnalist Con Batçelor Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və problemin detalları ilə bağlı səfirə suallar ünvanlayıb. O eyni zamanda regiondakı vəziyyət, koronavirus pandemiyası dövründə qarşıya çıxan çətinliklər barədə diplomatın düşüncələrini öyrənib.

C.Batçelor Bakıda olduğu müddətdə ölkəmizdə gedən inkişaf və aparılan genişmiqyaslı islahatların şahidi olduğunu və Azərbaycanın pandemiya ilə mübarizəyə kifayət qədər hazır olduğunu deyib.

E.Süleymanov müsahibəsində dünya bazarında neftin qiymətlərinin düşməsinin Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərdiyini, lakin hökumət tərəfindən neftdən asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirildiyini vurğulayıb.

Səfir Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanın 20 faiz torpağının işğalı və 1 milyona yaxın əhalisinin məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmaqla yanaşı, regional inteqrasiya və inkişafa da mane olduğunu bildirib. O, Ermənistan rəhbərliyinin hazırda işğalçı və şovinist siyasətini davam etdirərək yalnız Azərbaycana və regiona deyil, hətta öz xalqının gələcəyinə də böyük zərbələr vurduğunu diqqətə çatdırıb. 

E.Süleymanov böyük potensiala malik Cənubi Qafqaz regionunun sülh olacağı təqdirdə daha da çiçəklənəcəyini, regionun digər ölkələri ilə yanaşı bundan erməni xalqının da faydalanacığını qeyd edib.

Proqramın digər qonağı, professor B.Şaffer də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı öz fikirlərini bölüşüb.  

Sonda C.Batçelor son vaxtlar erməni təxribatlarının qurbanı olmuş şəhidlərin yaxınlarına səbr diləyib.