Gündəm / Cəmiyyət

Əsgər doğmaq istəməyən kölə doğacaq

 


"Qarabağ problemi niyə indiyədək həll olunmayıb?", "Erməni işğalında olan ərazilərimiz nə üçün azad olunmur?", "Bu vəziyyət nə qədər davam edəcək?", "Mən oğlumu niyə orduya, göndərməliyəm?", "Niyə hərbi xidmətə kasıbların övladlarını aparılır?" Bunlar sosial şəbəkələrdə illərdən bəri "yaşayan" pasifistlərin, yəni savaşa qarşı olanların tez-tez, mantra kimi təkrarlayıb ibadətə çevirdikləri sözlərdir. Onlar savaşa qarşı olduqlarını deyirlər. Onlar vətənpərvərliyi "vətənşüvənlik" adlandırır, Vətənini və ordusunu sevənləri, bayrağına sayğı bəsləyənləri ələ salır, lağ edirlər.

Onların fikrincə, ən böyük demokratlardır.

Hər dəfə də yeni iddia irəli sürərək, yeni fikir söylədiklərini və yazdıqlarını iddia edirlər. Halbuki hər şey diş ağrısınadək asanlıqla təxminlənəndir.

Yerli pasifistlərimiz üçün ordu, hərbi çağırış və s. məsələlər kirpi, bıçaq, ülgüc kimi iti, ağrılı məsələlərdir.

Sosial şəbəkələrdə xeyli aktiv olan bu insanların tam əksəriyyəti daha maraqlı, "demokratik" kokteyl yaratmaq üçün "ateist" olduqlarını da vurğulayırlar.

Yəni buyurun, nə dinə inanır, nə Yaradana, nə yaradılanın vətənpərvərliyinə, çünki demokratdır, pasifistdir.

Belələrinin tam əksəriyyətinin düşüncələrinə görə, dünyadakı bütün yaxşılıqların beşiyi və mənbəyi Qərb, bütün pisliklərin məkanı və səbəbkarı da Şərqdir.

İnkarın ən dərin qatlarına baş vuran belə insanlar üçün Azərbaycanın Milli Ordusu qınaq mənbəyidir. İllah da ki, düşmənə sinə gərən, səngərdə olan əsgərlərimiz arasında kiminsə yaralanması xəbəri yayılan kimi kütləvi isteriya başlanır.

Dərhal ağlamsınmalar tirajlanır, buyurulur ki, sən demə, həmin əsgərin valideynləri çox kasıb adamlardır və bu, əslində "hərbi xidmətə yalnız kasıbların çağırılması" barədə deyilənlərin daha bir "sübutu"dur.

Düşmənlə qarşılaşmada şəhid düşən Azərbaycan əsgəri isə pasifistlər üçün manipulyasiya vasitəsinə çevrilir.

Şəhidin, sonra onun valideynlərinin fotoları paylaşılır, "Hara baxır hakimiyyət?!" tipli isteriyaya start verilir.

Bütün bunlar sadəcə, düşüncəsizlik və ya savaşı sevməmək şüurunun nəticəsidir?

Əsla inanmıram, çünki belə inamda olmaq üçün sadəlövh deyiləm.

Yerli pasifistlərimizi çılğına döndərən əsas nəsnə qəhrəman Azərbaycan əsgərinin obrazıdır.

O əsgər ki, ölümü gözə alaraq bir addım geri çəkilməyəcək, qələbə üçün hər şey edəcək. Bunu əsgərin özü də bilir, ətrafı da hiss edir, dövlət də anlayır.

Əsl insanlardır onlar. Bizim insanlarımız.

Vətəni sevənlərə "vətənşüvən" deyənləri isə bu, qorxudur. Çünki uduzduqlarını, təhlükənin gözünə dik baxa bilməyəcəklərini dərk edirlər.

Facebook-da belə aborigen antisavaşçılardan biri olan xanım yazır: "Əsgər yox, normal vətəndaş doğmaq istəyirəm. İstəyirəm ki, savaşın nə olduğunu bilməsin. Mən də oğlumun savaşda həlak ola biləcəyini düşünməyin".

İstənilən qadının arzusu övladının təhlükəsiz və rifahlı yaşamıdır. Fəqət, həmin əmin-amanlığı və rifahı təmin etmək üçün dövlət və ordu gərəkdir.

Öz ordusunu təmin etməyən dövlət mütləq şəkildə başqa ölkənin ordusunu təmin edəcək - tarix bunu dəfələrlə sübut edib.

Əsgər doğmaq istəməyən ana isə kölə doğacaq.

Azərbaycanı tərk etmək, qaçmaq, mühacirət etmək də pasifistlər üçün çıxış yolu deyil, çünki hansı ölkəyə getsələr və arzularını çin edərək vətəndaşlıq ala bilsələr, övladları mütləq şəkildə həmin dövlətin ordusunda xidmət etməlidir.

Pasifistlərin təkzib arqumenti qismində söylədikləri və yazdıqları çox primitiv iddia var: "Hollandiyaya, Fransaya, yaxud, misal üçün, Almaniyaya və İtaliyaya mühacirət etsək, övladımız heç bir savaşda olmayacaq".

Yanlış düşüncədir, çünki adları çəkilən ölkələrin istisnasız olaraq hamısının hərbi kontingentləri dünyanın müxtəlif yerlərindəki lokal və məhəlli münaqişələrdə, hərbi əməliyyatlarda iştirak edirlər. Yəni arzulanan Qərbə qaçış heç bir halda hərbi xidmətdən qurtuluş deyil.

Ümumiyyətlə, sosial şəbəkələrdə pasifistlərin diskussiya yanğısı, istəkləri böyükdür. Onlar imkan düşən kimi, şəraiti məqbul və uyğun sayan təki mübahisələrə başlayırlar. Arqumentləri də dəyişməzdir: Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, erməni işğalında olan ərazilərimiz azad edilməyincə müharibə ehtimalı həddən ziyadədir. Belədirsə, müharibə istəyənlər və arzulyanlar "vətənşüvənlər"dir.

Onlar sual verirlər ki, bəs övladlarının təhlükəsiz yaşamını arzulayan insan müharibə istəməlidirmi? Cavabında "xeyr, biz də müharibə istəmirik, lakin münaqişənin həll yolları arasında düşmən başqa variant qoymasa, savaş qaçılmazdır" dedikdə xoşhallanırlar. Düşünürlər ki, "qarşı tərəf" saydıqları insan özünə bəraət qazanmaq istəyir.

Halbuki belə deyil. Normal düşüncəli və adekvat şüurlu kimsə müharibə yanğısı ilə qovrulmur. Lakin ərazilərimiz erməni işğalındadırsa, Ermənistan da günbəgün aqressivləşirsə, rəsmi İrəvan absurd və sarsaq bəyanatlar verməklə prosesə təsir etməyə çalışırsa, nə etməliyik?! Savaş variantından bilmərrə imtina edərək kütləvi pasifizmə qatılmaq ölkənin sonu olar.

Bunu yerli pasifistlərimiz dərk etmirlər və istəmirlər də.

Onlar üçün cəmiyyət iki düşərgədən ibarətdir: savaş istəyənlər və savaş istəməyənlər. Əslində, həmin pasifistlərin şüurunu ibtidailəşdirən, düşüncələrini primitivləşdirən təşkilatlar, qüvvələr və güclər də bunu istəyir.

Manipulyasiyanın məqsədi də budur.

"Pasifistlər" iddia edirlər ki, sən demə, onlar vətəndaşları, cəmiyyəti, ölkəni və dövləti düşündükləri, demokratiyanı sevdikləri üçün belə edirlər, övladlarımızın düşmən gülləsindən həlak olmasını istəmirlər və s.

Yəni vətənpərvərliyə qarşı Vətənlə alveri qoyurlar.

Halbuki şəhidlərimiz sağ olsaydılar, onların bu çığırtılarını anındaca susdurardılar - Vətən uğrunda canlarından keçmiş insanların adlarını siyasi məqsədlərinə, sosial istəklərinə görə hərraca çıxarmaq niyyətlərinə görə.

Bu insanlar üçün Vətən sevgisi, yurd yanğısı kimi hisslər yaddır. Onlar üçün dövlətin maraqları və millətin mənafeləri təhlükəlidir.

Zaman keçdikcə daha da aktivləşəcəklər daha çox manipulyasiyalar edəcəklər.

Pasifistlər, antimilitaristlər merkantil insanlar olmadıqlarını söyləyirlər. Lakin təcrübə göstərir ki, onlar əksər zamanlarda sırf maliyyə, iqtisadi, fərdi və s. maraqlarına görə savaşa qarşı çıxırlar, çox aqressiv davranırlar.

Bu şəxslərin dediklərineə görə, sadəcə, zorakılığı rədd edirlər. Hər hansı istisna olmadan. Səbəblər, motivlər və mümkün sonuclar əsas deyil - əsas məsələ istənilən formada zorakılığın, xüsusilə də savaşın qəbul olunmamasıdır. Sülhün əldə olunması vasitəsi kimi savaşı onlar qəbul etmirlər. Dediklərinə görə, müharibə heç bir halda ədalət vasitəsi ola bilməz. Bütün insanlar sülh və əmin-amanlıq içində yaşamalı, bütün münaqişələr sadəcə, sülh yolu ilə həll olunmalıdır.

Pasifistlər əksər hallarda siyasəti sevmirlər, insana sevgini, tolerantlığı, dözümlülüyü, ölüm hökmünün ləğvini istəyir, vegetarianlığı təbliğ edirlər. Onların çoxu orduda xidmət etmıək istəmir. Xüsusilə "ideyalı" pasifistlər isə hətta düşmənlə danışıqları yeganə yol sayırlar.

"Savaş onu dadmayana şirindir". Bu sözlər dahi filosof Rotterdamlı Erazma məxsusdur. Holland düşünər 1517-ci ildə yazdığı "Sülhün şikayəti" traktatında savaşı "bütün bəlaların və Şərin ilkin səbəbi, etinasızcasına hər şeyi udan dibsiz okean" kimi pisləmişdi.

"Humanistlərin şahzadəsi" kimi tarixə düşən Erazm sözün əsl mənasında savaşı pisləyən, lənətləyən ilk filosof idi. Onun fikrincə, münaqişələr insanın xislətində olsa da, belə münaqişələri savaş səviyyəsinədək artıranlar var. Onlar tiranlardır. Müdrik insanlarsa sülhü düşünməli, öz aralarında düşmənçilik etməməlidirlər.

Sülhün savaşdan daha faydalı olması ideyası 16-cı əsr üçün yeni və cazibədardı. Üstəlik, xristian ənənələr də pasifizm ideyalarının məkanı idi. Amma pasifizmin əsl kökləri ziyan vurmamaq fəlsəfəsinin ("ahimsa") yer aldığı induizmdə idi. Pasifist Lev Tolstoyun davamçıları arasında məhz bu səbəbdən Mahatma Qandi xüsusi yer tutur. Yeri gəlmişkən, BMT onun vəfat gününü 2007-ci ildə Beynəlxalq Zorakılıqla Mübarizə Günü bəyan etmişdi.

Tolstoy və Qandinin ideyalarını davam etdirən Martin Lüter kinq isə pasifizmə dəqiq təyin vermişdi. Onun dediyinə görə, pasifizm Şər əməl etmək əvəzinə Şərə dözməyə əsaslanan sevginin gücü ilə Şərin qarşıdurmasıdır.

Məşhur rus filosof, anarxosindikalizmin "ata"sı Nikolay Berdyayevsə hesab edirdi ki, pasifizmin kökündə ifrat maddiyyatçılıq və burjua qorxaqlığı dayanır.

Çünki işğalçıya silahlı müqavimət göstərmək istəməyən onu dolayı yolla dəstəkləyir.

Pasifistlər illüziyalarla yaşamaqda, reallığı görməməkdə, çətinlikdən qaçmaqda, məntiqsizlikdə də suçlayırlar.

Çox sadə məntiq var: gərçi pasifistlər sülhə bu qədər dəyər verirlərsə, nə üçün sülhün müdafiəsinə qalxmır, işğalçı dövlətlərin qarşısını almırlar?!

Əslində, qeyri-zorakılıq ideayalarına sürəkli riayət edərək sadiq qalan absolyut pasifistlər həddən ziyadə azdır.

Lev Tolstoy məhz bu səbəbdən yazmışdı: "Pasifizm əslində sinirli, amma uzağı görməyən meşanlarla kiçik burjuaların narazılıqlarını izhar etmək üçün vasitədir. Təbii ki, iri kapitalın nəzarətində, onun razılığı ilə. Mütərəqqi xalqlar məhz pasifizm bayrağı altında savaşır, bir-birlərini qırırlar, iri kapital isə bu savaşlardan milyardlar qazanır.

Pasifizmin əsas problemi odur ki, cinayət sayılan qətllə döyüşü fərqləndirmir. Hər əsgəri az qala qatil saymaqla pasifistlər heç bir suçu olmayanları suçlayırlar.

Hə, yeri gəlmişkən, savaşda belə qətl yasaqdır. Savaşın aparılması ilə qətl arasındakı fərqin qulaqardına vurulması pasifistlərin əsas ritorik "silah"ıdır. Əgər həmin "arqument"i nəzərə almasaq, istənilən pasifistin ideoloji "cəbbəxana"sında "Sülh savaşdan yaxşıdır" və ya "gəlin, dost kimi yaşayaq" təki banal, maymaq ifadələr qalacaq.

Düşmənin canlı qüvvəsinin zərərsizləşdirilməsi heç bir halda qətl deyil.

2005-ci ildə Nobel mükafatı almış Robert Auman da pasifizmi sərt tənqid edirdi.

Onun fikrincə, işğalçı ölkə onun metodlarının işlək olduğunu, ciddi müqavimətlə qarşılaşmadığını görəndə aqressiyasını davam etdirir, yeni şərtlər irəli sürür, iştahı artır. İşğalçı ölkə sərt müqavimət və savaşla qarşılaşanda isə davranışını, taktikasını dəyişməli olur.

Beləliklə, bəlli olur ki, sən demə, pasifizm əslində savaşa aparır. Çünki pasifizmin geniş yayıldığı ölkədə kütlə işğalla barışmaq istəməyəndə savaşa başlayır.

Bundan başqa, dövlətlə cəmiyyətin savaş hüququnu tanımayan, istənilən mübahisə və münaqişənin saləcə, dinc danışıqlar yolu ilə həll ediləcəyinə sidq-ürəkdən inanan adamlar etiraf etməsələr də, belə mübahisələrə çözüm tapıla biləcəyi hansısa beynəlxalq, ümumdünya məhkəməsinə ümid edirlər.

Bəhs olunan ideya utopikdir: ən azı ona görə ki, bütün mübahisələrin hüquqi təbiəti var. Əsas isə odur ki, həmin məhkəmənin qərarlarının tanınması və onlara əməl olunması dövlət suverenliyinin könüllü məhdudlaşdırılmasıdır. Suverenitetsə dövlətin müstəqilliyi, özü olması və azad siyasət yürütməsidir. Savaşdan imtinanı təbliğ edərək qeyri-zorakılıq tərəfdarı olanlar əslində dövləti suverenlikdən məhrum etməyi arzulayırlar. Bilərəkdən, ya bilməyərəkdən. Çünki dövlət nə qədər suverendirsə, orada yaşayan insanlar bir o qədər vətəndaşdır. Dövlət nə qədər müstəqildirsə, vətəndaşlar da bir o qədər azaddır.

Azadlığın və suverenliyin müdafiəsindən imtina puçluğa, heçliyə aparan yoldur.

Və onu da unutmayaq: əgər cəmiyyət savaşla məğlubiyyət arasında seçim edəndə pasifizmi seçirsə, sonucda həm savaşı, həm məğlubiyyəti alır.