Gündəm

Ekspert: "Bəzi sahibkarlar qaz pulunu ödəməməklə dövlətə ziyan vurur"

Ekspert: Payız-qış dövründə istixanalarda tərəvəz yetişdirən sahibkarların bəziləri həmin istixanalarda istehlak etdikləri qazın abunə haqqını ödəməkdən boyun qaçırır, hətta məhkəmələrdə borclarını inkar edirlər.

Kanal14 xəbər verir ki Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov "Report"a bildirib ki, bəzi sahibkarların sui-istifadə hallarına yol verərək istehlak etdikləri təbii qaza görə borclarını ödəməməsi "Azəriqaz" İstehsalat Birliyinin (İB) maliyyə vəziyyətinə çox mənfi təsir edir.

 

"Hər bir vətəndaş istehlak etdiyi təbii qazın haqqını ödədiyi kimi sahibkarlar da ödəməlidirlər. Əgər istehlak etdikləri qazın haqqını ödəyə bilmirlərsə istifadə etməsinlər. Bu, dövlətin malıdır. Dövlət maya dəyəri 57 qəpik olan qazı dənizdən, sahildən 100-150 km məsafədən hasil edib, əhaliyə 10 qəpiyə, istehsal müəssisələrinə 20 qəpiyə satır. Deməli, təbii qaz maya dəyərindən 2-3 dəfə aşağı qiymətə satılır. Bu güzəştə baxmayaraq, sui-istifadə hallarına yol verərək istifadə olunan təbii qazın pulunu ödəməmək dövlətçiliyə hörmətsizlikdir. Bu, düzgün iş deyil. "Azəriqaz" qazın satışını həyata keçirir. O, dövlətin malıdır. İstifadə olunan təbii qazın haqqını ödəməmək dövlətə ziyan vurmaqdır",- ekspert qeyd edib.

O deyib ki, Azərbaycan Prezidentinin bütün istehlak olunan işıq, qaz və suyun haqqının sayğac göstəricisinə uyğun olaraq ödənilməsi ilə bağlı sərəncamı var. "Bu, birmənalı şəkildə belədir. İstifadə etmisənsə, ödəməlisən, oğurluq etmisənsə, artıq bu, cinayətdir".

Ekspert həmçinin bildirib ki, "Azəriqaz"ın heç bir dövlət müəssisəsinə borcu yoxdur, amma bəziləri çalışır ki, ondan oğurlasın:

"Hamı istifadə edib "Azəriqaz"a borcunu ödəməsə, bu qurumun debitor borclarının əsassız artmasına, maliyyəsinə mənfi təsir edər".