kanal14.az
kanal14.az

2 min işsizdən 3 milyon alan dələduz saxlanıldı

2 min işsizdən 3 milyon alan dələduz saxlanıldı
12-02-2020, 16:59 60 dəfə baxılıb

2 min işsizdən 3 milyon alan dələduz saxlanıldı

Yalançı şirkətlər yaradan və komandası ilə birgə aradan çıxan Mətanət Həsənovanın fırıldaq sxemi

Bakıda fəaliyyət göstərən "Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadə saxlanılıb. Baku.ws xəbər verir ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır.

M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib. 

Qeyd edək ki, M.Süleymanzadə bundan əvvəl  "Topstaff” və "Macstaff” adlı şirkətlər yaradaraq dələduzluq edib. İndi isə "Mak Marin LTD” adlı şirkəti vasitəsilə insanları aldadıb, pullarını alıb.

"Mak Marin LTD” şirkəti 01.05.2019 tarixində qeydiyyata alınıb. Qanuni təmsilçi olaraq Həsənova Mətanət Zahir qızı göstərilir. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 36, mənzil 6 ünvanında qeydiyyata alınıb. Faktiki olaraq Əlyar Əliyev küçəsi 69 ünvanında fəaliyyət göstərirdi.

"Yeni Müsavat” xəbər verir ki, hazırda soyadı Həsənovadan Süleymanzadəyə dəyişdirilən Mətanət Zahir qızı haqda 2019 və 2016-cı illərdə yazılar dərc etmişdik. "Yeni Müsavat”ın 17.04.2016-cı il tarixli sayında "Bakıda vətəndaşları aldadan fırıldaqçı qadınların əməlləri: milyonlar necə ələ keçirildi?” sərlövhəli yazıda Mətanət Həsənovanın 1200 nəfərə yaxın vətəndaşı aldadaraq 2 milyon 800 min manata qədər pul almasından söhbət açılırdı.

Vətəndaşlar demişdilər ki, onlardan pul aşağıda qeyd olunan sxem üzrə alınıb: "Topstaff LTD” şirkəti 2008-ci ildə yaradılıb. Şirkətin yaradılmasının məqsədi neft-qaz, həmçinin tikinti şirkətlərini avadanlıqlarla təmin etmək olub. Lakin 2015-ci ildən şirkət fəaliyyət istiqamətini dəyişməyə başlayıb. Elə bu müddətdən sonra şirkətdən şikayətçi olanların sayı hər gün artmağa başlayıb. 2015-ci ildən şirkətə cəlb olunan şəxslərə vəd edilib ki, treninqlər keçdikdən sonra onlar SOCAR, BP, "Bos Shelf”, "Pasha Construction”, "Tekfen”, "North-West”, "Lider-Monolit”, "Synergy group”a işə düzəldiləcəklər. Pul adlıqları şəxsləri bu şirkətlərə qaynaqçı, mexanik, elektrik, rəngsaz və s. kimi işlərə düzəldəcəklərini deyiblər. Lakin sonradan bu vədlərin heç birinə əməl olunmayıb.

"Topstaff LTD”nin Bakıda "Caspian plaza” və "ISR Plaza”da ofisləri olub. Bakı və Sumqayıt şəhərlərində, Qaradağ rayonunda treninq mərkəzləri açaraq gördükləri işlərin inandırıcı olduğunu göstərməyə çalışıblar. Vətəndaşları Bakıdakı neft şirkətlərinə işə düzəldəcəkləri adı ilə onlardan 10-15 min manata qədər pul alıblar.

Əvvəlcə pul aldıqları şəxsləri treninqlərə göndərən fırıldaqçı şəbəkə daha sonra onları işlə təmin edəcəklərini deyiblər. Lakin treninq müddəti başa çatdıqdan sonra müxtəlif bəhanələrlə vətəndaşları get-gələ salmağa başlayıblar. Treninqlər başa çatdıqdan sonra vədlər verməyə başlayıblar ki, guya yeni layihələr həyata keçiriləcək və buna görə bir müddət gözləmək lazımdır. Bu müddət ərzində insanları razı salmaq üçün onlara aylıq 200-300 manat maaş da verilib. Lakin 2016-cı ilin əvvəlindən şikayətçilərin sayı artdıqdan sonra bu şəbəkəyə pul verənlər aldadıqlarını başa düşüblər".

"Bakıda növbəti böyük fırıldaq - işə düzəlmək istədilər, işə düşdülər - təfərrüat” sərlövhəli yazı isə "Yeni Müsavat”ın 05.08.2019-cu il tarixli sayında dərc olunub. Həmin yazıda da Mətanət Həsənovanın eyni mahiyyətli əməllərindən söhbət açılırdı.

Redaksiyamıza müraciət edən Şirvan şəhər sakini Bəxtiyar Məmmədov demişdi ki, Mətanət Həsənovanın onun kimi aldatdığı 500-ə yaxın vətəndaş var: "Bizi bugünkü gün aldadırlar. Bizi inandırmaq üçün Balaxanıdakı maşınqayırma zavodunda 20-25 gün təlim keçib. 3-4 aydır ki, bizi aldadır. Hər ay deyir ki, gələn ay maaş olacaq. Məni elektrik işinə götürəcəkdi. Guya Mətanət Zahir qızı Həsənovanın ”Makstaff" şirkəti məni Bakı Gəmiqayırma Zavoduna elektrik vəzifəsinə işə düzəldəcəkdi. Bizə e-gov saytından çıxarılmış, işçi olmağımız barəsində olan arayışlar da verib. Sonradan bilmişik ki, faktiki e-gov-da barəmizdə heç bir məlumat yoxdur. İndi də deyir ki, gedin, kimə istəyirsiz deyin".

"Mətanət Zahir qızı Həsənova bizi ”Makstaff" şirkətinə işə götürəcəyi adı ilə aldadıb. Sonra da şirkətin adını dəyişib "Makmerri” elədi. Özü yazır, özü pozur. Bəxtiyar Məmmədov Mətanət Həsənovanın onları aldadandan sonra şirkətin adını dəyişdirdiyini söyləsə də, soyadının dəyişdirilməsi haqda hər hansı bir məlumat verməmişdi.

Sitat: "Mətanət Zahir qızı Həsənova bizi ”Makstaff" şirkətinə işə götürəcəyi adı ilə aldadıb. Sonra da şirkətin adını dəyişib "Mak Marin” elədi. Özü yazır, özü pozur. Elə adam var ondan 300, eləsi var 50, bir çoxundan da 1000 manat pul alıb. Elə adamlar da var ki, onlardan 10 min manata qədər pul alıb ki, işə düzəldirəm. Hazırda ofisi  Bakının Nizami rayonunda, Əlyar Əliyev 69 ünvanında, Keşlə bazarına yaxın "Fidan” gözəllik salonunun üstündə yerləşir".

Yayılan məlumatlardan belə aydın olur ki, Mətanət Həsənova, hazırda isə Mətanət Süleymanzadə soyadlı bir qadın ölkədə 2  mindən çox vətəndaşın işə qəbul olunmaq istəyini bu şəkildə özünün biznesinə çevirib. Son nəticə olaraq işsizlərin pulu da gedib, işə düzəlmək arzuları da reallaşmayıb. Ortada qazanan Mətanət Zahir qızı, itirən isə 2 mindən artıq vətəndaş olub. Onu da qeyd edək ki, hər dəfə Mətanət Zahir qızının saxlanılması xəbərindən sonra onun azad edilməsi xəbəri də gəlir. Milyonçu xanımın azad edilməsinin səbəbi haqda da ictimaiyyətə hər hansı bir açıqlama verilmir.../"Yeni Müsavat”/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA