Gündəm

Kimdə baş verən pozuntularla bağlı görüntülər varsa, MSK-ya təqdim etsin

Kimdə baş verən pozuntularla bağlı görüntülər varsa, MSK-ya təqdim etsin
 

"İmkanlarımız nəyə çatırsa, onu da edəcəyik”

 

Milli Məclisə seçkilərlə əlaqədar MSK-nın "Qaynar xətt”inə 261 müraciət daxil olub. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 

 M.Pənahovun sözlərinə görə, müraciətlərə baxılacaq və araşdırılacaq: "Mən xoşagəlməz halların baş verməsini hiss edib, MSK-ya müraciət edənlərə minnətdarlığımı bildirirəm”.

 

Ancaq MSK sədri bildirib ki, seçkilərlə bağlı MSK-ya rəsmi müraciət daxil olmayıb: "Daxil olan müraciətlərə həddindən artıq ciddi şəkildə baxılacaq və qərarlar qəbul edəcəyik. İmkanlarımız nəyə çatırsa, onu da edəcəyik”.

 

"Gün ərzində bizə bəzi dairələrdə ciddi pozuntularla bağlı müraciətlər daxil olub. 33 saylı Xətai birinci seçki dairəsindən, 35 saylı Xətai üçüncü seçki dairəsindən, 60 saylı Salyan-Neftçala seçki dairəsindən və digər dairələrdən MSK-ya ciddi qanun pozuntuları ilə bağlı məlumatlar daxil olub", - deyə M.Pənahov bildirib.

 

Məzahir Pənahov məntəqələrdə baş verən pozuntuları özündə əks etdirən görüntülərlə bağlı əhaliyə müraciət edərək bildirib: "Əgər kimdəsə məntəqələrdə baş verən pozuntularla bağlı görüntülər varsa, onu bizə təqdim etməyə çəkinməsinlər. Ona görə də hər bir vətəndaş əlində olan bütün faktları gecikmədən Mərkəzi Seçki Komissiyasına göndərməlidir".