Gündəm

Bu ölkədə narkotik vasitələrin dövriyyəsində poçtdan istifadə halları artıb

Bu ölkədə narkotik vasitələrin dövriyyəsində poçtdan istifadə halları artıb

 

2019-cu ildə Avstriya gömrük orqanları poçtla göndərilən məktub və bağlamalarda ötən illə müqayisədə 80 faiz daha çox narkotik vasitələr aşkarlayıb.

Xeberekspress.az AZƏRTAC-a istinadən bildirir ki, qeyri-Aİ məkanından daxil olan 19367 məktub və ya bağlamada aşkarlanan narkotik vasitələrin ümumi çəkisi 73,3 kiloqram təşkil edib. Narkotik vasitələrin böyük əksəriyyəti onlayn mağazalardan sifariş edilən, tərkibində narkotik maddələr olan preparatlardır. Onların içərisində amfetamin, çətənə, kokain, herion, ketamin, psixotrop maddələr, ekstazi, LSD və MDMA kimi maddələr üstünlük təşkil edir və bu preparatlar internetdə qara bazarlarda təklif olunur.

Avstriya Maliyyə Nazirliyinin məlumatına əsasən, narkotik vasitələr kriminalistikasında internetdə qeyri-leqal satış və poçt vasitəsilə çatdırılma tədricən geniş yayılan formaya çevrilib. 2017-ci ildə cəmi 2910 ədəd və ya 7,5 kq, 2016-cı ildə isə 2913 və ya təxminən 6 kq narkotik maddənin aşkarlanması bu ticarətin hansı vüsət aldığını nümayiş etdirir.

Maliyyə Nazirliyi tabeliyində olan gömrük orqanları ölkəyə xaricdən daxil olan poçt göndərişlərini təlim itlərindən istifadə etməklə yoxlayır. Şübhəli məktub və paketlər polis orqanlarına təqdim edildikdən sonra müvafiq yoxlanışlar həyata keçirilir. Gömrük orqanları bu yoxlanışı qeyri-Aİ məkanından gələn poçtda aparır, Aİ məkanı və ölkədaxili poçt göndərişlərini də nəzərə aldıqda, narkotik vasitələrin poçtla dövriyyəsi daha da yüksək ola bilər.