Gündəm

Ərdoğan Rusiyaya niyə “əlvida” dedi... – Türkiyə prezidentinin Ukrayna səfərinin arxa planı

Ərdoğan Rusiyaya niyə

Ötən ayın ikinci yarısından Türkiyə-Rusiya münasibətlərinin getdikcə pisləşdiyi müşahidə olunur. Xüsusilə Rusiyanın hava dəstəyi ilə Suriya ordusunun İdlibdə başlatdığı hərbi əməliyyatlar Ankara tərəfindən sərt şəkildə tənqid edildi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Moskvanı hərbi əməliyyatları dayandırmağa çağırdı. Əks halda... "Biz rusiyalı tərəf müqabillərimizə dedik ki, İdlibdə bu bombalamaları dayandırın. Dayandırdınız, dayandırdınız, dayandırmasanız, bizim də səbrimiz tükənəcək. Bundan sonra lazım olanı edəcəyik”, - Ərdoğan Afrika səfərindən geri qayıdarkən, eynilə belə dedi.

Dünən İdlibdə 8 Türk əsgərinin şəhid edilməsi, bir neçə nəfərin yaralanması hadisəsi Ankaranın bu çağırışlarının işə yaramadığını, əksinə, Rusiya və Suriya hərbi qüvvələrinin bölgədə yerləşən Türk ordu mənsublarına daha ciddi hücuma keçdiklərini göstərir.

Verilən məlumatlara görə, İdlibdəki Türk hərbi karvanı fevralın 3-dən 4-ə keçən gecə rayon mərkəzinə hərəkət edərkən Suriya ordusunun artilleriya zərbəsinə məruz qalmış və nəticədə məlum hadisə baş vermişdir. Məlumatı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Ukrayna səfərindən əvvəl verdiyi açıqlamalarda da təsdiqləmiş və hərbi dislokasiya barədə Rusiya tərəfini məlumatlandırdıqlarını bildirmişdi. Rusiya Müdafiə Nazirliyi bu açıqlamaya dərhal cavab vermiş və iddiaları təkzib etmişdi. Moskvadan verilən rəsmi açıqlamada onların məlumatlandırılmadığı iddia olunurdu.

Ovqat.com-un məlumatına görə, Türk hərbçilərinin şəhid edilməsi həqiqətən də bir təsadüfün nəticəsi deyildi. Hadisədən bir gün qabaq Rusiya FSB-sinə bağlı qüvvələr Hələb-Dəməşq yolu üzərində hücuma məruz qalmış və onlardan 4-ü öldürülmüşdü. Hücumun İdlibdəki silahlı müxaliflərdən Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması tərəfindən həyata keçirildiyi güman olunur. Əslində Ankara tərəfindən də terrorçu təşkilat kimi tanınan HTŞ-nin bu zərbəsinin qisası isə Türk əsgərindən alınmışdır.

 

Açığı, Rusiyanın HTŞ hücumunun arxasında Türkiyənin dayanmasından şübhələnməsinin bəzi əsasları var.

 ƏvvəlaHTŞ Türkiyənin öhdəsində götürdüyü İdlibdə fəaliyyət göstərir və rəsmi Ankara Astana sammitində bu bölgədə yerləşən illeqal hərbi qüvvələri silahsızlaşdırmağı öz öhdəsinə götürmüşdü. Bu öhdəliyin müddəti ötən ilin payız aylarında başa çatmasına baxmayaraq, hələ də həmin qüvvələr fəaliyyətdədir. Bildirildiyinə görə, ötən aylarda Soçidə görüşən Türkiyə və Rusiya rəsmiləri bu məsələni ciddi şəkildə müzakirə etmiş və rəsmi Ankara öhdəlikləri yerinə yetirə bilmədiyini bildirmişdi. Bundan sonra Suriya və Rusiya rəsmiləri İdlib əməliyyatına qərar vermişlər.

Əməliyyat başlayanda isə Türkiyənin sərt reaksiyaları özünü göstərməyə başlamışdı. Bir müddət əvvəl Afrikada səfərdə olan Rəcəb Tayib Ərdoğan rusiyalı həmkarına İdlibdəki "müqavimət qüvvələrini” terrorçu adlandırmaqda qınamış və ona nə zamandan öz vətəni uğrunda döyüşməyin terror hadisəsi sayıldığı ritorik sualını ünvanlamışdı.

 Əməliyyatların əsasən HTŞ qüvvələrinə qarşı aparıldığını nəzərə alsaq, Türkiyə prezidentinin əslində hansı tərəfi müdafiə etdiyi anlaşılır. Rus əks-kəşfiyyatçılarının Hələb-Şam yolunda məhz HTŞ tərəfindən öldürülməsi ehtimalı da bu açıqlamaya əlavə olununca, hadisənin arxasında türk barmağının axtarılmasının əsl səbəbi ortaya çıxır.

 

İkincisi, Türkiyənin son zamanlar Rusiya ilə münasibətlərində yaranan soyuqluq intensivləşmiş və bunun səbəbsiz olmadığı düşünülməkdədir. Bəzi ekspertlərin bildirdiyinə görə, rəsmi Ankara Vaşinqtonun ağır təzyiqi altında qaldığından Rusiya ilə əlaqələrinə məsafə qoymaq yolunu tutub. ABŞ-ın əsas tələbi isə Rusiyadan alınan S-400 silahlarından vaz keçməsi və yenidən NATO cizgisinə qayıtmasıdır. Əks halda Türkiyəyə qarşı ağır sanksiyalar tətbiq edəcəyini, Suriyanın şimalında Kürdüstan proyektini dəstəkləyəcəyini, "erməni soyqırımı” ittihamları ilə qardaş ölkəni beynəlxalq aləmdə çətin vəziyyətə salacağını əyani şəkildə ortaya qoyan ABŞ-ın bu basqılarının nəticə verdiyi, Rəcəb Tayib Ərdoğanın Vaşinqtona son səfərinin də bundan sonrakı addımları müzakirə etmək məqsədi daşıdığı vurğulanır.

İddialara görə, yenidən NATO cizgisinə qayıdan Türkiyəyə Rusiya ilə məcburi müttəfiqliyə son qoymaq üçün "əsaslı” bəhanələr lazımdır. Ən yaxşı bəhanə isə Rusiya və Suriya ilə İdlibdə qarşı-qarşıya gəlmək və NATO-dakı əməkdaşlığa sığınmaqdır. Türkiyə prezidentinin İdlibdəki 8 Türk əsgərinin şəhid edildiyi gün Ukraynaya səfəri və orada dilə gətirdiyi bəzi fikirlər, imzaladığı sənədlər də bu cür düşünməyə əsas verir. Məlumata görə, Rəcəb Tayib Ərdoğan Ukrayna səfərində açıq şəkildə Krımın ilhaqını qınamış və Ukrayna ilə birlikdə "bu adanın əsl sahibləri olan Krım türklərini dəstəkləyəcəyini” bildirmişdi.

Ukrayna səfərində Türkiyə prezidentinin rəsmi Kiyevə 200 milyon türk lirəsi həcmində hərbi yardım verəcəyi barədə iddialar isə Rusiyada xüsusi qıcıq yaratmışdır. Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiga tərəfindən dilə gətirilən bu iddia rəsmən Rusiyaya meydan oxumaq kimi idi. Zira Ukraynaya indiki zamanda gedən hər mərminin sabah rus əsgərinə qarşı çevriləcəyi şübhə doğurmur. Üstəlik, A.Sibiğa bundan əvvəlki dövrlərdə də Türkiyənin Ukraynaya hərbi yardımlar göstərdiyini gizlətməmişdi.

 

"Bu ziyarət zamanı imzalanacaq sazişə görə, Türkiyə tərəfi Ukrayna ordusunun ehtiyacları, xüsusilə silah alışı üçün 200 milyon TL maliyyə yardım təqdim edəcək. Əvvəlki illərdə də bu rəqəmlərdə oxşar müqavilələr imzalanmışdı”, -deyən Sibiga həmçinin Kiyevdəki danışıqların gündəliyi barədə də önəmli bilgilər verərək bildirmişdi: "Siyasi dialoqun intensivləşməsindən iqtisadi əməkdaşlığa, insanlar arasındakı ünsiyyəti və mədəni əməkdaşlığı dərinləşdirmək üçün lazımi şərtlər yaratmağa qədər bütün əsas məsələlər müzakirə ediləcəkdir”.

Səfirin bu sözləri Rusiya mediasında ciddi müzakirələrə səbəb olmuş, əksər analitiklər bu yardımı Kremlə mesaj kimi qiymətləndirmişdilər. Onların fikrincə, Ukrayna ilə Türkiyənin iqtisadi, hərbi əməkdaşlığında rəsmi Ankaranın heç bir faydası yoxdur və qazanan sadəcə Kiyev olacaq. Elədirsə, Rəcəb Tayib Ərdoğanın bu hərbi-strateji addmı nə ilə izah oluna bilər?

Rus analitiklərinin fikrincə, bu səfərin İdlib gərginliyi zamanına düşməsi təsadüfi deyil. Sanki bu səfərlə R.T.Ərdoğan Kremlə "bizim kimi sizin də sərhədləriniz var və həmin sərhədlərdə sizin də dövlət maraqlarınızı təhdid edən qüvvələr yerləşir” mesajını verib.

 Üstəlik, Ukrayna ilə Rusiyanın arasındakı ziddiyyətlərin körüklənməsi şimal qonşumuzun isti dənizlərə çıxışının açarı sayılan Qara dənizin təhlükəsizliyini təhdid edir və Rusiyanın imperial maraqlarını, böyük dövlət olmaq arzusunu təhlükə altına qoyur. Bu baxımdan Ukrayna Rusiya üçün İdliblə müqayisə olunmayacaq qədər geostrateji önəmə sahibdir.

 

Bütün bu hadisələr Türkiyənin Rusiya ilə əməkdaşlığının sonuna gəlməsinə işarədir. ABŞ-ın da Türkiyədən məhz bunu gözlədiyini nəzərə alsaq, son İdlib gərginliyində Vaşinqtondan Ankaraya gələn dəstəklərin əsl səbəbini anlaya bilərik. Görünən budur ki, Türkiyə öz ənənəvi məxrəcinə qayıdır. Bəs Rusiya təhdidi qarşısında müttəfiqləri onu  sonuna qədər müdafiə edəcəkmi?

Təsadüfə baxın ki, yazının bu hissəsinə çatanda xarici media orqanlarında iki xəbər yayınladı. İlk məlumata görə, ABŞ dövlət katibi Mayk Pompeo Suriyanın İdlib bölgəsində mülki şəxslərə edilən hücumlara görə Suriya, Rusiya, İran və Hizbullahı sərt dillə qınayaraq, onları "bu barbarca hücumlara son qoyulmağa” çağırıb. Elə həmin dəqiqələrdə gələn ikinci xəbərdə isə Rusiya prezidentinin Türkiyəli həmkarına zəng edərək, İdlib məsələsini müzakirə etdiyi bildirilirdi.