Türkiyəyə məxsus ambulans-təyyarə Çinin Uhan şəhərindən 42 nəfərlə birgə havaya qalxıb
APA-nın yerli bürosunun "NTV"-yə istinadla verdiyi xəbərə görə, təyyarə Uhanda toplanan 42 nəfərlə geri qayıdıb.
Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, "Türkiyə və dost ölkə vətəndaşlarını Səhiyyə Nazirliyi heyətinin nəzarəti altında təhlükəsiz şəkildə təhvil alan təyyarə Çinin Uhan şəhərindən havaya qalxıb".
Qeyd edək ki, Çinin Hubey vilayətinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirusun (2019-nCoV) səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 11,7 min nəfəri keçib, 259 sakin isə bu virusdan ölüb.
Xatırladaq ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca dünən açıqlamasında aralarında 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşlarının da olduğu 48 nəfərin geri dönəcəyini bildirmişdi. Nazir Türkiyəyə gətirilən vətəndaşların, onları gətirən pilot və səhiyyə ekipajının 14 gün karantində saxlanılacaqlarını da qeyd edib.