Gündəm

“Mən indi raket parıltısı görürəm, oradan uçur...” - Ukrayna təyyarəsinin vurulmasına şahid olan İran pilotu

Yanvarın 8-də Tehran-Kiyev reysi ilə uçmaq üçün havaya qalxan "Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinin "Boeing-737” təyyarəsinin raketlə vurulmasına həmin vaxt enişə keçən İran təyyarəsinin ikinci pilotu şahidlik edib. 

Kanal14 virtualaz.org-a istinadən xəbər verir ki, Ukrayna mənbələri Tehran aerportunun dispetçeri ilə İranın "Aseman Airlines” şirkətinin Şiraz-Tehran reysi ilə uçan təyyarəsinin ikinci pilotu arasında danışıqların sensasion səs yazısını yayıb. Səs yazısından məlum olur ki, İran laynerinin şturvalı arxasında olan pilot Ukrayna təyyarəsinə tərəf raket buraxıldığını görüb və bu haqda dispetçeri məlumatlandırıb. Dispetçer Ukrayna təyyarəsi ilə əlaqə yaratmağa çalışsa da artıq gec olub.

Xatırladaq ki, İran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq həmin gecə ABŞ-ın İraqdakı aviabazalarına raket zərbələri endirib. Raket zərbələrinin endirilməsindən bir neçə saat sonra Ukrayna təyyarəsi həmin vaxt ABŞ-ın cavab zərbələri riskinə görə döyüş hazırlığı vəziyyətində olan İran Hava Hücumundan Müdafiə qüvvələrinin "Tor-M1” zenit-raket kompleksi ilə vurulub. Kompleksin operatoru sərnişin təyyarəsini qanadlı raket zənn edərək ona tərəf dalbadal iki raket buraxıb. Təyyarənin vurulması nəticəsində 176 sərnişin və heyət üzvü həlak olub.

Səs yazısına əsasən Ukrayna təyyarəsi Tehran aerportundan saat 6.20-də havaya qalxıb. Bu vaxt İranın "Aseman Airlines” şirkətinin 3768 bort nömrəli, Şiraz-Tehran reysi ilə uçan təyyarəsi aerporta enirdi. Təxminən üç dəqiqə ərzində iranlı pilot raketin buraxılmasını görüb.

Dispetçer:-Sabahınız xeyir, "Ukrayna Beynəlxalq Hava Yolları” 752 (anlaşılmır), müəyyən edildi, sizing uçuş hündürlüyünüz 260, 6000 futla hərəkət edin, saga dönün.

Dispetçer:-6000 futdan sonra Paroka istiqamət alın.

ER3768 pilotu:-Şimaldan enişə keçirik, 3768

Dispetçer:-Sabahlnız xeyir, 3768

Dispetçer:-"Aseman” 3768 (anlaşılmır), 3343 sola müəyyən edin, səviyyə 110

ER3768 pilotu:-Bort 768 əlaqədədir.

ER3768 pilotu:-Şimaldan enişə keçirik, 3768

ER3768 pilotu:-Yox, cənab?

ER3768 pilotu:-Zona 320, uçub keçmək üçün aktivdir?

Dispetçer:-GPS (anlaşılmır)

ER3768 pilotu:-Marşrut boyu parıltı görünür, raket parıltısı kimi. Orada nəsə olmalıdır?

Dispetçer:-Zona 320? Neçə mil məsafədə? Harada?

ER3768 pilotu:-Dəqiq deyə bilmərəm. Lakin fikrimcə bu Payam aerodromu, Kərac (şəhər) tərəfdir.

Dispetçer:-Neçə mil? Harada?

ER3768 pilotu:-Mən indi işıq görürəm, o oradan necə uçub gəlir.

Dispetçer:-Bizi bu haqda məlumatlandırmayıblar.

Dispetçer:-Necə görünür? O işıq nəyə bənzəyir?

ER3768 pilotu:-Dəqiq raket parıltısıdır.

Dispetçer:-O ki şəhərə (Tehran) tərəfə uçmur, elə deyil?

ER3768 pilotu:-Ola bilsin...Amma yox, yox, şəhərə tərəf uçdu.

Dispetçer:-Bizə bu haqda heç nə deməyiblər, amma müşahidəni davam etdirin.

ER3768 pilotu:-Yaxşı. Eniş kursunda qalıram.

Dispetçer: -"Ukrayna Beynəlxalq Hava Yolları”, 752, qəbul.

Dispetçer:-"Ukrayna Beynəlxalq Hava Yolları”, 752, qəbul!

Dispetçer:-"Ukrayna Beynəlxalq Hava Yolları”. 752, necə eşidirsiz?

(Sorğu bir neçə dəqiqə ərzində dəfələrlə təkrar olunur, cavab gəlmir)

Dispetçer:-"Aseman”, 3768, 9000 (anlaşılmır), eniş kursuna keçin.

Dispetçer:-"Aseman” 3768, vəssalam, siz daha yuxarıda heç nə görmürsüz?

ER3768 pilotu:-Cənab mühəndis, biz partlayış gördük, partlayışın parıltısını, başa düşmürük bu nədir.

Dispetçer:-Bizə də dəqiq bilmirik...

ER3768 pilotu:-Bizim kursda hər şey normaldır?

Dispetçer:-Bəli, hesab etmirəm ki, sizin üçün hansısa problem ola bilər.

ER3768 pilotu:-Allaha şükür!

Bu səs yazısı göstərir ki, İranın mülki aviasiya xidmətləri və nəticədə hakimiyyəti Ukrayna təyyarəsinin raketlə vurulduğunu elə həmin an bilib. Lakin sonrakı üç gün ərzində İran hakimiyyəti təyyarənin "texniki səbəblərlə” qəzaya uğradığını bildirirdi və qalıqları buldozerlə kürüyərək sanki izləri itirmək istəyirdi. Nəhayət İran İnqilab Keşikçiləri Korpusu təyyarənin "səhvən raketlə vuruluduğunu” etiraf edib.