Gündəm

“Median maaşlar əhalinin gəlir səviyyəsini qiymətləndirmək baxımından çox önəmlidir” - İQTİSADÇI

"Avropa Birliyində minimum əmək haqqı dartışmaları başlayıb və üzv ölkələr arasında ciddi fikir ayrılığı var. Avropa Komissiyası təklif edir ki, Birlik üzv ölkələrdə maaşların aşağı həddini tənzimləmək səlahiyyəti qazansın”. KANAL14 xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.

Ağayev əlavə edib ki, İsveç, Danimarka və Finlandiya bu təklifi yersiz sayır, hər bir ölkənin bu məsələdə özünün iqtisadiyyatını spesifikasını və tarixi şərtlərini nəzərə almaqla müstəqil siyasət yeritmək hüququnun olduğunu düşünür.

"Hazırda AB çərçivəsində ən aşağı minimum əmək haqqı Bolqarıstanda (286 avro), ən yüksək isə Lüksemburqdadır (2071 avro). Almaniya, İngilətərə və Fransada 1450-1580 avro intervalında dəyişir”-iqtisadçı nəzərə çatdırıb.

R.Ağayevin sözlərinə görə, Avropa Komissiyasının əsas təkliflərindən biri budur ki, heç bir ölkədə minimum maaş median orta əmək haqqının 60%-dən aşağı olmasın.

"Yeri gəlmişkən, uzun illərdir Azərbaycanda rəsmi statistik hesabatlarda median gəlir və median əmək haqqı göstəricisinin ayrıca statistik kəmiyyət kimi elan edilməsini təklif etsək də, rəsmi statistika bu məsələyə isti baxmır. Halbuki, orta əmək haqqından fərqli olaraq median maaşlar əhalinin gəlir səviyyəsini qiymətləndirmək, nisbi yoxsulluq səviyyəsinin hesablanması üçün statistik və hüquqi baza formalaşdırmaq baxımından çox önəmlidir”,-deyə iqtisadçı vurğulayıb.

Hurriyyet.org