Gündəm

"2020-ci il diplomatik danışıqlar ili yox, hərbi eskalasiya ili ola bilər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Rusiya faktoruna görə Qarabağ münaqişəsinin həlli dalana dirənir"

"Ermənistan tərəfi Azərbaycanla sülh danışıqlarında bu il də maraqlı olmayacağını həyata keçirdiyi işlərdən büruzə verir. Belə ki, Füzulidə Ermənistan yeni hərbi hissə istifadəyə verdi. Qubadlı və Araz boyu ərazilərdə məskunlaşmanı həyata keçirir. Kəlbəcərə üçüncü yol çəkir". DoğruXəbər.az xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Onun sözlərinə görə, Kəlbəcərə çəkilən növbəti yolun hərbi məqsədlər üçün istifadəsi nəzərdə tutulur: "Buradan Qarabağa hərbi texnikaların daşınması və Kəlbəcərin müdafiəsi ilə yanaşı, bu yol hərbi eskalasiyada Azərbaycanın ərazilərinin yeni işğalı üçün nəzərdə tutulub. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə çəkdikləri yollar yalnız hərbi məqsədlərə və işğalın davam etməsinə hesablanıb. İşğalçı ölkə rəhbərliyi "Qarabağ klanı"ndan çəkinərək kompromislərə getməyəcək. 2020-ci il diplomatik danışıqlar ili yox, hərbi eskalasiya ili olacağı mümkündür. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yeni hərbi hissələrinin tikilişinə imkan verilməməli, həmçinin yol tikintisi mümkün vasitələrlə qarşısı alınmalıdır. Apreldən sonra Ermənistanla ciddi sürətdə haqq-hesab çəkmək vaxtı olmalıdır. Ümumiyyətlə, Rusiya faktoruna görə Qarabağ münaqişəsinin həlli dalana dirənir".

Politoloq hesab edir ki, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan birgə konfliktin həllinə nail ola bilər: "Burada Rusiya siyasətinə Türkiyənin təsir faktoru mühümdür".

 Hurriyyet.org