Gündəm

Qaz iyi gələn vətəndaş savaşı: indi nə olacaq?

Qaz iyi gələn vətəndaş savaşı: indi nə olacaq? 

 

 

 

 

 

 

 

 

Aralıq dənizinin şərq hissəsidəki yataqlardan Avropaya təbii qaz nəqli üçün "EastMed" boru kəmərinin çəkilməsi ilə bağlı İsrail, Yunanıstan və Avropa Birliyi anlaşdılar.

Əsas yataq "Leviafan"dır. Layihə reallaşarsa, TANAP-ın birbaşa rəqibi olacaq.

Təbii qaz nəqli marşrutlarının artırılması, habelə Avropanın "mavi yanacaq" bazarında Türkiyənin təsir imkanlarını azaltmaq üçün Avropa Birliyi yeni boru kəmərində maraqlıdır.

Türkiyənin Liviyaya qoşun yollaması ilə bağlı qərarının da əsas səbəbi elə budur.

Hazırda Türkiyə qaz bazarında Rusiya ilə yanaşı, İsrail və habelə, "Zöhr" yatağından qazı Avropaya satmaq fikrinə düşmüş Misirin maraqlarına "problem"dir.

Rəcəb Tayyib Ərdoğan ölkəsini təbii qaz sektorunda haba çevirmək niyyətindədir. Ankara indi Avropa Birliyinə qaz nəqlinin əhəmiyyətli qisminə nəzarət edir, çünki TANAP və "Cənub Qaz dəhlizi" marşrutları Türkiyə ərazisindən keçir.

Rusiyanın "Cənub axını" layihəsində ilkin olaraq bəyan edimiş 4 boru əvəzinə hələlik, sadəcə, biri çəkilməsinə rəğmən, bu layihəni də unutmayaq.

Sadaladığım layihələr Avropanın qaz bazarında rəqiblərdir. Amma Ərdoğan onlardan hər hansından dolayı, birmənalı mövqe tutmayıb. Bunun əvəzində o, sözügedən marşrutların Türkiyə ərazisindən keçməsinə nail olub.

Əla strategiya, müdrik taktikadır.

Türkiyə indi Krit adasının yaxınlığındakı şelf zonasında, ümumiyyətlə, Aralıq dənizinin şərqində qaz yataqlarının kəşfiyyatına başlayıb.

Həmin bölgədə Ankaranın rəqibləri, daha doğrusu düşmənləri Yunanıstan və Misirdir.

Misir 2013-cü ildə böyük "Zöhr" yatağını aşkarlayıb. Yunanıstan isə Kipr sahilləri yaxınlığındakı yataqlara sahiblənmək fikrindədir.

İsrail sahillərində, habelə Livan sahillərinin yanında "Leviafan" və "Tamar" qaz yataqlarının kəşf olunması səbəbindən Türkiyə həm də İsrailin dəstəyini almağa çalışır.

Daha doğrusu, rəsmi Ankara "Leviafan" yatağında hasil ediləcək qazın Avropaya nəql olunması üçün inşa ediləcək boru kəmərinin Türkiyə ərazsindən keçməsinə can atır.

Bu səbəbdən paradoksal vəziyyət yaranıb: İsrailin qaz yatağına görə Türkiyə indi Avropa Birliyi ilə qarşıdurmadadır.

Çünki həmin kəmər tranzit üçün büdcəyə keçəcək vəsait yox, həm də Avropa Birliyi ilə Rusiyaya əlavə təsir rıçaqları qazandıran geosiyasi vasitədir.

Rusiyanın Avropa Birliyi ölkələrinə ən böyük qaz satıcılarından biri olduğunu nəzərə alsaq, sadalanan bütün layihələrdə təbii qaz nəqli həcmlərinin fərqindən yararlanmaqla Türkiyə geosiyasi statusunu və mövqelərini daha da möhkəmləndirə bilər.

ABŞ-a gəldikdə isə, Vaşinqton Liviyadakı münaqişənin, daha doğrusu, vətəndaş müharibəsinin daha da gərginləşməsində maraqlıdır. Çünki Liviyanın Milli Həmrəylik Hökumətinin başçısı, Türkiyənin dəstəklədiyi Faiz Sərracla Liviya Milli Ordusunun komandanı Xəlifə Həftar arasında qarşıdurma nə qədər intensivləşərsə, Aralıq dənizinin şərq bölgəsindəki yeni təbii qaz yataqlarından Avropa Birliyinə "mavi yanacaq" nəqli o qədər çətinləşəcək.

Üstəlik, 2021-2023-cü illərdə ABŞ Avropanın qaz bazarına çıxmağa hazırlaşır və bu sahədə yeni rəqiblər istəmir. Olayların hansı məcrada və nə üçün inkişaf etməsini Rusiyanın təbii qazının Avropaya satışı üçün yeni marşrutlar olacaq "Cənub Axını" və "Şimal axını-2" layihələrinin reallaşmasına ABŞ-ın hər vəchlə maneələr yaratmasından da görərək, anlamaq olar.

Artıq unitar dövlət olmayan, siyasi düşərgələr, tayfalar və qəbilələr arasında parçalanan, bir çox ölkənin birbaşa müdaxilə etdiyi Liviyadakı münaqişə bundan sonra daha da aktivləşəcək.

Bu isə Avropanın qaz bazarındakı qüvvələr nisbətinə ciddi təsir edəcək.

İndisə gələk Liviya məsələsinə...

Feldmarşal Xəlifə Həftarın başçılıq etdiyi Liviya Milli Ordusu (LMO) paytaxt Tripoliyə doğru irəliləyir. Tripoli və daha bir neçə şəhər Faiz Sərracın başçılıq etdiyi Liviya Milli Hökumətinin (LMH) nəzarətindədir.

Liviyada kim kimdir və kimlə savaşır?

Müəmmar Qəzzafinin 2011-ci ildə devrilərək qətlə yetirilməsindən, yəni "ərəb baharı"ndan sonra Liviya xaosa sürüklənib. Doqquz ildən bəri vətəndaş savaşının səngimədiyi ölkə LMO və LMH arasında bölüşdürülüb.

F.Sərracın hökumətini BMT Liviyanın legitim hakimiyyəti kimi tanıyıb.

2014-cü ildə ölkədə keçirilmiş parlament seçkilərindən sonra ölkənin parçalanması da az qala "qanuniləşdi".

X.Həftarın nəzarətində hazırda Misir sərhədinin yaxınlığındakı Tobrukda yerləşən marionet Liviya Nümayəndələr Məclisi, yəni ölkə "parlamenti" var.

Paytaxt Tripolidəki LMH isə bu "parlament"i tanımır və yeganə legitim hakimiyyət orlduğunu deyir.

LMH-ni BMT ilə yanaşı, Türkiyə, Avropa Birliyi və beynəlxalq təşkilatlar dəstəkləyir.

Mərkəzi Tobrukda yerləşən LMO-nu isə Misir, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Səudiyyə Ərəbistanı və Rusiya dəstəkləyir.

6,5 milyon əhalisi olan, Qəzzafinin devrilməsindən sonra irili-xırdalı yüzlərlə silahlı dəstənin və qrupun fəaliyyət göstərdiyi Liviyada ən güclü qüvvələr bunlardır:

1. Liviya Milli Hökuməti

2. Liviya Milli Ordusu

3. Misrata şəhərindəki silahlı birləşmələr

4. Tunislə sərhədin yaxınlığındakı Zintan şəhərindəki birləşmələr

Xəlifə Həftarın qoşunları Sirt şəhərini ələ keçiriblər. Tripoli və Benqazi arpasındakı bu şəhər siyasi fraqmentasiyaya uğrayaraq parçalanan, çox zəif nəqliyyat infrastrukturuna malik ölkədə Həftarın hücumlarının davam etdirilməsi üçün ciddi aralıq baza ola bilər. Üstəlik, Sirt yaxınlığında Kərdabiyyə aviabazası da var.

Sirtdə sanki Liviyanın tarixi əks olunub. İlk əvvəl Qəzzafi tərəfdarlarının son dayaq və müqavimət məkanı olan şəhəri sonradan İŞİD terrorçuları ələ keçirmişdilər.

Liviyanı 42 il idarə etmiş Müəmmər Qəzzafini 2001-ci ildə məhz onun doğma Sirt şəhərində tutmuş, vəhşicəsinə qətlə yetirmişdilər.

Şəhəri ələ keçirən və İŞİD-ə biət edən "Ənsar əş Şəriə" qruplaşması 2016-cı ildə Sirtdən qovulmuşdu və şəhər Liviya Milli Hökumətinin nəzarətinə keçmişdi.

Sirti Həftar döyüşlə yox, şəhərdəki dəstə və tayfa başçılarını pulla ələ almaqla nəzarət arealına keçirib.

Feldmarşal Xəlifə Həftar demokratiyadan uzaq, insan haqlarına və azad seçkilərə rişxəndlə yanaşan adam, Liviya üçün ikinci Müəmmər Qəzzafi ola biləcək fiqurdur.

Həftarı dəstəkləyən ölkələr də demokratiyanı Liviya üçün gərəksiz hesab edir, demokratik Liviyanı potensial qeyri-stabillik məkanına çevriləcəyini bəyan edirlər. Onlar Liviyanın güclü, amma danışıqlar aparmağın mümkün olduğu adam tərəfindən idarə olunmasını istəyirlər.

Rusiya, Fransa, Səudiyyə Ərəbistanı və İtaliya hesab edirlər ki, Liviyada demokratik hökumətin bərqərar olması real hakimiyyətin sonradan ekstremistlərin və terrorçuların əlinə keçməsi ilə nəticələnəcək.

Onlar dolayısı ilə bəyan edirlər ki, Liviyada demokratiya mədəniyyəti və ənənələri yoxdur, ölkəni diktator Qəzzafi idarə edib. Qəzzafi qətlə yetiriləndən sonra isə Liviya parçalanıb.

Xəlifə Həftar isə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə sıx bağlı, daha doğrusu bu ölkələrdən pul alan və asılı olan adamdır.

Böyük dövlətlər Liviyadan danışırlar, amma liviyalıların taleyi kimsəni maraqlandırmır. Ölkədə silah və sursat ən asan əldə oluna biləcək nəsnələrə çevrilib.

Qaz və neft iyi verən Liviyada çox maraqlar toqquşur.