Gündəm

“Hansısa məmurlar tərəfindən yardımlar edilir” - Düyün necə çözüləcək?

“Hansısa məmurlar tərəfindən yardımlar edilir” - Düyün necə çözüləcək?
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 Xəbər verdiyimiz kimi, AFFA-nın baş katibi Elxan Məmməmdov İctimai Televiziyada yayımlanan "3D" verilişində qonaq olub. Məmmədov verişinin aparıcısı Dadaş Dadaşliskinin "Premyer Liqada niyə 8 klub var?" sualına cavabında, "Bəli, bizim də arzumuz budur ki, minimum 10 klub olsun. Amma bu sualı iş adamlarına vermək daha doğru olardı. Hazırda AFFA müxtəlif klublara yardım edir. Amma əslində AFFA həmin klublara yardım etməli deyil", - deyə bildirib.

Hazırda futbol camiyəsinin əsas gündəmi olan və əksəriyyət tərəfindən istefası tələb olunan Elxan Məmmədov bu dəfə iş adamlarını hədəfə gətirib. Bəs görəsən, onları hədəfə çevirməkdə məqsəd nədir? Çempionatımızdakı sponsor, maliyyə düyünü necə çözüləcək? Ümumiyyətlə bu proses dünya praktikasında necə gedir? federasiyalar çempionatdakı klublara yardım etməlidirmi? Ümumiyyətlə, iş adamları nəyə görə Premyer Liqamızdakı klublara sponsorluq etmək istəmir?

Məsələ ilə bağlı "Yeni Sabah"a danışab iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bir neçə klubun bir yerdən maliyyələşməsi düzgün deyil. Dünya praktikasında isə vəziyyət tam fərqlidir:

"Xaricdə klublar özləri səhmdar cəmiyyətlər kimi fəaliyyət göstərir. AFFA-nın baş katibi problemin nəticəsindən danışır, problemi yaradan səbəblərdən danışmayıb. İş adamlarının marağı olmalıdır ki, hansısa klubun sponsoru olsun. Çünki sponsorluq fəaliyyət kifayət qədər böyük vəsait tələb edir. Şirkətlərin satışları o sponsorluq nəticəsində artmalıdır. Çempionata maraq olmalıdır, azarkeş dəstəyi olmaldır. Xarici klubların Azərbaycan klubları ilə müxtəlif tədbirləri olmalıdır - yoldaşlıq görüşləri və.s. Bundan sonra maraq yarana bilər. 

Çünki beynəlxalq görüşlərə azarkeş marağı var, yerli çempionata maraq yoxdur. Əgər iş adamlarının klublara sponsorluğa marağı yoxdursa, o zaman bu marağın yaradılması yolunu düşünmək lazımdır. Azərbaycanda qəribə stiuasiya yaranıb. AFFA çempionatda iştirak edən klubların böyük əksəriyyətinə eyni mərkəzdən maddi dəstək göstərir. Sanki, sənin bir neçə komandan özü arasında yarış keçirdir. Sahib bir nəfərdirsə, bu çempionatın nə marağı olacaq? Təbii ki, heç bir maraq olmayacaq. Bunu üçün özəl sektorun, rəqabətli mühitin inkişafı ayrıca bir problemdir. Onların həlli yolları tapılmalıdır. 

Sponsorluq nədən yaranır? Rəqabətdən. Sponsorluq o zaman ortalığa çıxmağa çalışır ki, rəqibini üstələsin, bazarda böyük paya sahib olsun, qazancını, dövriyyəsini artırsın. Azərbaycanda rəqabətli mühit problemdirsə, şirkətlər nəyə görə, çempionata maraq göstərməlidir? Burada o qədər sistemli problemlər var ki”.

N. Cəfərli bildirib ki, idarəetməyə yeni insanların gəlməsi bu problemlərin həllinə kömək edə bilər: 

"Verilişə baxmışam, orada sistemli problemlərin səbəbləri haqqında söhbət getməyib. Azərbaycan futbolu məmur futboludur. Bir "Qarabağ"dan başqa, digər komandaların hamısına AFFA tərəfindən və ya hansısa məmurlar tərəfindən yardımlar edilir. Bu, doğru yanaşma deyil. Bu məsələnin kökündən həlli üçün rəqabət mühitinin oturuşması, ciddi biznes azadlıqlarının genişləndirilməsi xarici şirkətlərin ölkəyə buraxılması və fəaliyyət göstərməsi üçün şəraitin yaxşılaşdırılması lazımdır. İspaniya, İtaliya kimi ölkələrdə fikir veririk ki, əsas sponsorlar heç də öz ölkələrinin şirkətləri deyil, beynəlxalq şirkətlərdir. Həmin komandanın oyununa azarkeş də gəlir. Azərbaycan çempionatına isə maraq yoxdur. Bu marağı yaratmaq yollarını AFFA düşünməlidir. Ən azından idarəetməyə yeni insanlar gəlməldir ki, bu marağın artırılması yolunda addımlar atsınlar".

Ekspert ölkəmizdə rəqabətli mühitin olmamasına görə, şirkətlərin klublara maraq göstərmədiyini söyləyib. O, sponsor qazanmaq üçün xarici klublarla əməkdaşlığın qurulmasını vacib hesab edib:

"Özəl şirkət maraq göstərməlidir. Azərbaycanda problem odur ki, böyük şirkətlərin rəqabət dərdi yoxdur. Bazarda hegemondurlar. Bazarda da böyük paya sahib olmaları artıq onların reklam bazarına, piara, sponsorluğa pul xərcləməyinə maraq yaratmır, mənasız hala gətirir. Onların marağı yoxdursa, xərcləri AFFA öz üzərinə götürür. Çünki sistem kökündən yanlış qurulub. Xarici şirkətlərə yönlənmək, onlara müraciət etmək lazımdır. Və yaxud böyük klublarla müqavilə bağlamaq olar. Heç olmasa, ildə 1-2 dəfə yerli klublara yoldaşlıq oyunları təçkil edib marağın artamasına səbəb olsunlar. Böyük şirkət görsə ki, İtaliya, İspaniya klubları ildə bir neçə dəfə Azərbaycana gəlir, müəyyən işlər aparır, bu Azərbaycan klublarına da marağı artıracaq".