Gündəm

Bakıda görkəmli şair Süleyman Stalskinin 150 illiyi qeyd ediləcək

Bakıda görkəmli şair Süleyman Stalskinin 150 illiyi qeyd ediləcək
 
 
 
 
 

 
 
 
 
 

Bu il Dağıstan poeziyasının görkəmli nümayəndələrindən biri, Maksim Qorkinin "XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur.

Kanal14.az xəbər verir ki, bu münasibətlə oktyabrın 15-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi və "Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi ilə "Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə böyük şairin anadan olmasının 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.

Dağıstanın ilk Xalq şairi Süleyman Stalskinin əsərləri keçmiş SSRİ xalqlarının, həmçinin dünyanın yüzdən çox ölkəsinin dillərinə tərcümə olunub. Bu il Rusiya Federasiyasında, o cümlədən Dağıstan Respublikasında şairin 150 illik yubileyi təntənə ilə qeyd edilir.

Dağıstan və ləzgi ədəbiyyatı xəzinəsinə qiymətli əsərlər bəxş etmiş bu şəxsiyyət çoxları üçün yüksək insani dəyərlər və mənəvi zənginlik rəmzi olub. O, özünün ana dili olan ləzgi dilində yazdığı kimi, bir sıra şeirlərini qardaş Azərbaycan xalqının dilində yaradıb. Onun Azərbaycan və Dağıstan xalqlarının dostluğunu tərənnüm edən şeirləri əvəzsiz poeziya nümunələridir./AZƏRTAC