Gündəm

“Kimin zibil qutusuna atılacağını zaman göstərəcək”

“Kimin zibil qutusuna atılacağını zaman göstərəcək”
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan Baş Nazir Nikol Paşinyanın onun ünvanına səsləndirdiyi tənqidlərə münasibət bildirib.

Kanal14.az-ın verdiyi xəbərə görə, o, "Qraparak” qəzetinə açıqlamasında Paşinyanı popülizmdə və razılaşmaları pozmaqda ittiham edib.

"İstefa verməyimə baxmayaraq, Nikol Paşinyan yanıma adam göndərərək vəziyyətin sakitləşməsi üçün susmağımı xahiş edir. Bununla, o növbəti dəfə anlaşmanı pozaraq, aydın olmayan, populist bəyanatlar verib. Paşinyan ictimai əhval-ruhiyyəyə qısa müddətli təsir göstərmək arzusundakı mümkün nəticələr barədə düşünmür. Bir düşünün, birdən mən danışsam necə olacaq? İctimaiyyəti nə qədər yanıltmaq olar? Nə vaxtadək ictimaiyyətə yalan danışıb, "bizimlə olmayanlar - milləti satanlardır” tezisini irəli sürəcək? Onunla razı olmayanlarla xələflərinin etdiyi kimi davranır”, - deyə Vanetsyan vurğulayıb.

 

Onun sözlərinə görə, hərbi biliyi olmayan və hərbçilərin düşüncə tərzi ilə tanış olmayan, vətən qarşısında vəzifə hissi ilə bağlı son dərəcə səthi fikirlər söyləyən insanlar, zabit şərəfi və ləyaqəti haqqında heç nə bilmirlər.

"Yeri gəlmişkən, xatırladım ki, sülh dövründə, Ermənistan Konstitusiyasına görə Baş nazir Ali Baş Komandan hesab olunmur. Təəssüf edirəm ki, o, bu qədər irəli gedib. Əminəm ki, istefa məktubumu diqqətlə oxuyan hər kəs nəyi düşündüyümü başa düşüb. Kimin və nəyin zibilliyə atılacağını zamanın göstərəcəyinə əminəm”, -deyə keçmiş məmur sözlərinə əlavə edib.

Xatırladaq ki, Artur Vanetsyanın 16 sentyabrda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefa verməsi birmənalı qarşılanmayıb.

Qeyd olunur ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırıb. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalıb.

Hazırda ABŞ-ın Los-Anceles şəhərində səfərdə olan Baş Nazir Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Vanetsyanın istefasından danışıb: "Cənab Vanetsyan verdiyi açıqlamada bir zabitin şərəfindən danışıb. Lakin o, SNB-nin direktoru olaraq, əslində öz Ali Baş Komandanına qarşı bəyanat verib. Bir məmurun şərəfinə bundan artıq hörmətsiz münasibət ola bilməz. Vanetsyananın istefa ərizəsinin ölkə başçısının müvafiq fərmanından öncə Milli Təhlükəsizlik Xidmətinin rəsmi saytında yerləşdirilməsinə gəlincə, bəli, zabit bunu da edib. Siz bilirsiniz ki, bu nə deməkdir? Bu, zabit rütbəsini zibil qutusuna atmaq deməkdir”.

/Qafqazinfo