Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

Bələdiyyəsi "ovladı", əmlakçısı "bişirdi", hakimi "yedi" -Video

Bələdiyyəsi "ovladı", əmlakçısı "bişirdi", hakimi "yedi" -Video
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
"Ev tikim, yuva tikim, bilməyim kimə tikim"

Bütün canlıların sığındığı bir yuvası vardır. İnsanların isə evi. Ev dediyimiz bizi yalnız istidən-soyuqdan qorumur. Ev bizim qalamızdır. Müqəddəsimizdir. Müqəddəs olanlara isə xəyanət günahdır. Yenə də düşünəcəksiniz incə damara toxunuruq. Əslində bu damara toxunan toxunub. Biz kimliyini açıqlayırıq.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına pənah gətirən vətəndaş Piri Piriyev acı həyat dərdini bizlərlə paylaşdı. Biz də diqqətlə dinləyib, detallarıyla sizlərlə bölüşürük. Niyə bölüşürük soruşmuş olsanız, həyatdan dərs alın deyə cavab verərdim. İndi gələk problemin başlandığı məqama.

Piri Piriyev uzun illər xanımı Nailə Vəliyeva (ad şərtidir) ilə birgə nigahda yaşayıb. Nigahlarından bir oğulları dünyaya gəlib. Günlərin birində Piri Piriyev Nərgiz Tağıyeva adlı xanımla tanış olur. Nərgiz Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 192 saylı məktəbdə ibtidai sinif müəlliməsidir. Nərgiz Piri ilə qanuni nigahda olan xanımı ilə boşanmadığı halda qeyri-rəsmi ailə münasibətində yaşayıblar. Hətta P.Piriyev rəsmi nigahdan olan oğlunu qeyri-rəsmi olaraq ananın himayəsindən alıb, Nərgiz adlı qadının yanında saxlayıb. Rəsmi nigahının ləğv edilməsi ilə bağlı isə heç bir hüquqi addım atmayıb. Bu minvalla Nərgiz adlı qadınla nigahsız yaşamağa davam ediblər. Piri Piriyev o dövrdə Zabrat qəsəbə Bələdiyyəsindən öz adına 6 sot torpaq alıb. Söylədiyi nə qədər doğru isə, alınmış torpaq 3 ay onun adında olub. Bu da o deməkdir ki, Pirinin aldığı torpaq sahəsinə rəsmi nigahda olan xanımı Nailə də şərik olub. Üç aydan sonra Pirinin qeyri-rəsmi nigahda olan xanımı Nərgiz Tağıyeva torpaq sahəsini onun adına rəsmiləşdirməyi Piridən tələb edib. Nəhayət Nərgiz Pirinin "saqqızın oğurlayıb" əmlakı onun adına keçirtdirməyə razı salır. Görünür, bu işdə ilkin olaraq, Zabrat qəsəbə bələdiyyəsi çox canfəşanlıq göstərir. Nərgiz Pirinin və torpaq sahəsi alınan zaman rəsmi həyat yoldaşı olan Nailənin birgə əmlaklarının sahibi olur. Yəni, Zabrat qəsəbə Bələdiyyəsi Azərbaycan Respublikası ailə məcəlləsinin 32.2.2 maddəsinin tələblərinə məhəl qoymadan şərik əmlakın Nərgizin adına keçirilməsinə dair ilkin sənəd verir. Nərgiz Zabrat qəsəbə Bələdiyyəsinin verdiyi sənədə əsaslanıb, üz tutur Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə. DƏDRX-i də hansı qaranlıq səbəbdənsə əmlakın tarixçəsini vərəqləmədən Nərgizin adına çıxarış verir. Göründüyü kimi torpaq alınan zaman Piri ilə onun rəsmi nigahlı həyat yoldaşının ortaq əmlakı, qadının razılıq ərizələri alınmadan, ikisinə aid əmlak Nərgizin mülkiyyətinə keçir. Bundan sonra Piri birinci həyat yoldaşından ayrılıb, Nərgizlə nigaha daxil olur. Birgə nigah zamanı bəhs etdiyimiz torpaq sahəsi üzərində ev tikdirirlər. Cütlüklər bir neçə müddət birgə yaşadıqdan sonra Pirinin dediyi kimi, onun xəbəri olmadan Nərgiz məhkəməyə boşanma haqqında ərizə verir. Boşanma zamanı ailənin birgə nigah dövründə əldə etdikləri əmlaklarının bölünməsi zamanı Sabunçu rayon məhkəməsi Piriyə qarşı ədalətsiz qərar çıxardır. Məhkəmənin qərarından narazı qalan Piri Piriyev Bakı şəhər Apellyasiya Məhkəməsinə müraciət edir. Məhkəmənin hakimi Xəyalə xanım bərabər mülkün birgə nigah dövründə əldə olunmasına əsaslanaraq, əmlakın tərəflər arasında bərabər bölünməsi barədə qərar qəbul edir. Bu dəfə də Nərgiz Tağıyeva məhkəmənin qərarı ilə razılaşmayıb, Ali Məhkəməyə müraciət edir. Ali Məhkəmənin qərarını ləğv edib, Apellyasiya məhkəməsinə göndərir. Hakim Vahid Sadiqov məhkəməyə təqdim olunan faktlara məhəl qoymadan Nərgiz Tağıyevanın xeyrinə qərar çıxardır. Qarşı tərəf məhkəmənin ona qarşı qərəzli mövqedən yanaşmasının səbəbini Nərgiz Tağıyevanın rüşvət verməsi ilə əlaqələndirdi. Əlbəttə bunlar vətəndaşın iddialarıdır və sübuta yetirilmədiyinə görə bu barədə danışmaq istəmirik. Lakin etiraf edək ki, düşünməyə də bilmirik ki, yəqin özlüyündə ədaləti bərqərar etdiyini düşünən hakim Vahid Sadiqov və digər hakimlər haqqına girdikləri Piri Piriyevin keçmiş həyat yoldaşının haqqını niyə yada salmadılar ki, üzərində ev tikilən torpağın yarısı onun əmlakıdır? Hakimlər yada salmadı. Biz isə hakimlərin yadına bir fərmanı salmağı özümüzə borc bilirik. Azərbaycan Respublikası Prezidentinin məhkəmə islahatlarının dərinləşdirilməsi haqqında 03 avqust 2019-cu il tarixli fərmanını unutmasınlar.

P.Piriyevlə söhbətimiz zamanı C.Cabbarlının "Sevil" əsərini xatırladıq. Vətəndaş redaksiyamızda olduğu zaman təəssüf və etiraf dolu söhbəti nəzərimizdə Sevil, Balaş, Dilbər üçbucağını cızdı. Öz hüquqlarını bilməyən, haqqının tapdanılmasına səs çıxarmağı bacarmayan qadın nə qədər acınacaqlı olsa da, iki dəfə həyat yoldaşı tərəfindən haqqı tapdalanıb. Ardından səlahiyyət sahibi olan məmurlar haqqını əzib keçiblər.

P.Piriyevin sözlərinin həqiqət olduğuna əsaslansaq, əllərində səlahiyyət olan Zabrat qəsəbə Bələdiyyəsi, DƏDRX-i, eləcə də məhkəmə orqanları öz vəzifə borclarından kənar nəyə xatir qanunsuz addımlar atıb? Lakin biz əminik ki, bizim toxunduğumuz qanunsuzluqlar çox qaranlıq məqamlara güzgü salacaq.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq.

"DogruXeber.az"