Gündəm

Bakıda ictimai nəqliyyat vasitələri 24 saat işləyəcək? - Ekspert açıqladı

Bakıda ictimai nəqliyyat vasitələri 24 saat işləyəcək? - Ekspert açıqladı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Dünən qonşu ölkə Türkiyədə ictimai nəqliyyatla bağlı mühüm qərar qəbul edildi. Qərara əsasən, İstanbulda ictimai nəqliyyat vasitələri 24 saat fəaliyyətdə olacaq.

Bəs ölkəmizdə də belə bir qərarın qəbul olunması ehtimalı varmı?

Mövzu ilə əlaqədar "Yeni Sabah”a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, belə bir qərarın qəbul olunması real görünmür:

"Bu qərar yaşayış tərzindən, insanların ona olan ehtiyacından atılan bir addımdır. Mən düşünmürəm ki, bizdə 24 saat nəqliyyat xidmətinə ehtiyac var. Taksi xidməti onsuz 24 saat xidmət göstərir. Qaldı ki, metro, avtobus bilmirəm, gecə saatlarında nə dərəcə zəruridir. Bunu öyrənmək üçün  sorğular keçirilməli, müşahidələr aparılmalıdır. Məsələn, taksi şirkətlərinə edilən müraciətləri, gecə saat 12-dən sonra olan taksi sifarişlərini öyrənmək olar. Bir rəqəm ortaya çıxarmaq lazımdır ki, buna ehtiyac varmı, yoxmu? Deyək ki, 100, 200, 500 nəfər varsa, bütün ictimai nəqliyyatı işlətmək ağılsızlıq olar. Amma məsələn 5-10 dəqiqəlik interval varsa, onu gecə 45 dəqiqədən birə qaldırıb, boşluğu bağlamaq olar. Gecə işləyən iş yerləri və böyük müəssisələr varsa, bu bərədə qərar qəbul etmək olar. Amma bu günkü gün üçün bu real görünmür. Əksər nəqliyyat növləri sahibkarların əlindədir. Onlar istəsələr, qərar qəbul edə bilərlər, çünki onlar müstəqildirlər, onlara heç kim məhdudiyyət qoymayıb. Lakin əzəldən belə bir ənənə qoyulub ki, saat 12-yə kimi işləyirik".

Ekspert həmçinin Türkiyədə bu qərarın qəbul olunması səbəbini də izah edib:

"Türkiyədə zavodlar, fabriklər çoxdur, turizm bizdəkindən qat-qat üstündür. Səhərə kimi turistlər gəzirlər. Həmdə bu onların iqlim şəraitləri ilə də bağlı ola bilər".