Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

Başçı olduğu üçün qanunlar ona aid deyil? - Video

Başçı olduğu üçün qanunlar ona aid deyil? - Video
 
 
 
 
 

 
 
"Deyirlər şirindir vəzifə dadı,
Nəsibi olanın gözü doymadı”.

Məmur olmaq sadəcə məqam kürsüsündə əyləşməkdən ibarət deyil. Məmur olmaq, ona güvənib etibar edilən əmanətə sahib çıxmaqdır. Əmanətsə cansız əşyadan deyil, düşüncəsi olan canlı insanların taleyindən, həyatından ibarət olan, etimad yüküdürsə məsuliyyət daha da ağır olur. Lakin öz məsuliyyətini dərk etməyən, yalnız şəxsi maraqlarını düşünən məmur dönüb mənfur olur. Artıq çox intizarda saxladığımızın fərqinə vardığımız üçün söhbəti kimin üzərinə gətirəcəyimizi söyləyək. 

Uzun illər Siyəzən rayon İcra başçısı vəzifəsində çalışan Arif Qasımov rəhbərlik etdiyi rayonda bir çox qara işlərlə məşğul olduğu barədə mətbuat səhifələrindən tanışsınız. Onun rayonda rəhbərlik etdiyi zaman "Siyəzən broyler”in işçiləri ilə yaşanan xoşagəlməz rəftarı mətbuatın arxivində hər zaman yenidir. İşçiləri işlədərək əmək haqlarının verilməməsi, əmək hüquqlarının kobud şəkildə pozulması faktları yəqin ki, başçı olduğu üçün ört-basdır edildi.

Arif Qasımovun Siyəzən rayonunda etdiklərini təkrar-təkrar sadalayıb, oxucumuzu yormamaq xatirinə sözü uzatmırıq. Sadəcə bir faktı yada salaq ki, bir zamanlar ANS Tv kanalında "Toy olsun” verlişi vasitəsilə birinci qrup gözdən əlil olan Xoşbəxt və Marinanın ailə həyatı qurduqdan sonra, sağlamlıq imkanlarının məhdud olduğunu nəzərə alıb, Arif Qasımovdan onların mənzillə təmin olunması üçün xahiş edildi. Özünü comərd göstərməyə çalışan başçı əlil cütlüyü mənzillə təmin etdi və bütün ölkə ictimaiyyətinə xeyirxah missiyada baş rolun ifaçısı olduğunu sərgilədi. Demək ki, onun xeyirxahlığı kameraların işıqları sönənə qədər davam edə bilirmiş. Çəkilişlər bitti, hərə öz işinə dağılışdı, getdi. Arif Qasımovun əlaltıları kəsdirdi yeni ailə qurmuş əlil cütlüyün başının üzərini ki, evi geri qaytarın. Dünya işığından məhrum olmuş cütlüyün xeyirxah insanların köməyi ilə qurulan ailə ocaqlarının nəşəsini zəhər etmək heç bir insanlıq qanunlarında yer almır. Xüsusilə də, qarşındakı insan çarəsiz , möhtac durumdadırsa. Bu yerdə düşünməmək mümkün deyil ki, Arif Qasımov daha çox əlildir ya bu cütlüklər? Hansı ölçü vahidilə ölçüyə qoyduq, məlum oldu ki, Arifin vicdanının korluğu bu cütlüyün həqiqi korluğundan daha ağır formadadır. Amma təəssüflər olsun ki, "vicdan xəstəliyi adlı ağır xəstəlik növü”ndən əlillik təyinatı yoxdur. Elə ona görə də Arif Qasımovun "əlil”liyi təyin olunmadığı üçün, təyinatı Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə çıxdı. Lakin ölkə Prezidenti Arif Qasımovu yeni vəzifəyə təyin edəndə əhalinin sıx məskunlaşdığı Nizami rayonunun, Arifdən əvvəlki başçılarından fərqli olaraq əhalinin sosial problemlərini daima diqqətdə saxlamağı, rayonun infrasturukturunun yenilənməsi, rayon ərazisində abadlıq-quruculuq işlərinin aparılması, şəhid ailələrinə xüsusi qayğı göstərməyi və.s tövsiyyə etdi. Arif Qasımov isə Nizami rayon İcra başçısı vəzifəsinə dair çıxan sərəncamı əlinə alar-almaz qollarını çırmalayıb, düşdü Nizami rayonunun canına. İlk öncə Neftçilər metrosundan 8-ci kilometr bazarına doğru və onun əksinə, yəni Qara Qarayev prospektində illərdən bəri "lazımsız”, "işəyaramayan”, "zibil yığını yaradan” yaşıl ağacların soyqırımına. Qır ki, qırasan. Təbiətin səxavətini bəyənməyib yaşıllığa qarşı "müharibə”yə başlayan başçı kəsilən ağacların yerində yol boyu uzanan istirahət mərkəzləri, ticarət obyektləri inşa etdirdi. Adını da əhalinin mədəni istirahətinin qayğısına qalmaq üçün abadlq işlərinin aparılması qoydu. Amma nə qədər baş sındırsaq da abadlıq işlərindən əsər-əlamət görə bilmədik ki, bilmədik. Əksinə, aparılan saysız-hesabsız şəxsi tikililər əhalinin hərtərəfli rahatlığını əlindən aldı. İstər tikintilərin toz-torpağı, istər tikinti gedən obyektlərin hasara salınıb, əhalinin yolunun kəsilməsi, istərsə də yoxa çıxan yaşıllıq Nizami rayonunun mənzərəsini dözülməz hala gətirdi. 

Təbiətin ağciyərləri hesab edilən yaşıllıqların məhv edilməsi Arif Qasımov üçün mənasız kol-kos yığınından xilas olmaq deməkdir. Lakin bu özbaşınalığa biganə qala bilməyən hüquqşunas Aslan İsmayılov onun belə özbaşınalığına qarşı etiraz səsini qaldırdı. Arif Qasımov sanki, yeddi başlı əjdaha kimi bu vəziyyətdən də "xəsarət”siz çıxdı. Az öncə onun hərəkətlərini özbaşınalıq adlandırdıq. Bu bəlkə də onun üçün təhqir hesab oluna bilər. Lakin əsl təhqiri Arif Qasımov oturduğu kabinetində başı üzərindən asdığı Ulu öndərin şəklinə baxa-baxa, ruhu qarşısında edir. Ağacların qırılması ilə bağlı ulu öndər müşavirələrinin birində söyləmişdi:-"Ağacı kəsən mənim övladlarımın başını kəsir”. O zaman Arif Qasımov nə qədər "baş kəsdiyini” vaxtı olduğu zaman düşünsə gec olmaz. 

Nizami rayon 8-ci kilometr bazarı ta qədimdən bol müştəriləri ilə dolub-daşıb. Bazar daima yaxşı gəlir gətirən sahələrdən olub. Bəs elə isə niyə "öz yağı ilə öz başına tumar çəkilmir”? Bazarın ətrafında yüksək mərtəbəli binalarda yaşayan sakinlər daima bu bazarın yaratdığı problemlərdən şikayətçi olublar. Yayın istisində xarab olan məhsulların üfunəti, qışın soyuğunda zığ-palçığın dizə qalxması vətəndaşların rahatlığını əlindən alıb. Bütün bunlar nöqsanın bir tərəfi. 

Əsas məsələ ondan ibarətdir ki, bu ərazidə yaşayan insanların haçansa qarşılaşacaqları fövqəladə hallarla və ya təcili tibbi yardımla bağlı çağırışlarına operativ olaraq çatmaq böyük çətinliklər yaradır. Bazarın kənarında avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulmuş geniş yol yoldan çox, bazar vəzifəsini yerinə yetirir. Satıcıların yol boyu ticarətlə məşğul olmaları nə bazar rəhbərliyini, nə rayonun polis idarəsini ən başlıcası isə rayon rəhbərliyini narahat etmir. Gəlin məntiqlə düşünək. Uzun və geniş yol boyu düzülmüş minlərlə ticarət nöqtələri hər gün kifayət qədər gəlir gətirir. Əhalinin narahatlığı ya da narazılığı səbəbilə bu qədər gəlirdən vaz keçmək asandır məgər? Necə deyərlər-"Qızıl yumurta yumurtlayan toyuğu kəsməzlər”.

Biz "DogruXeber.az” informasiya agentliyi olaraq Arif Qasımovun qanunsuz hərəkətlərinə dur deyə bilmək iqtidarında deyilik. Lakin onun "məharətlərini” ölkə Prezidentinə çatdırmağa gücümüz yetər. Arif Qasımov bəlkə də düşünür ki. o başçı olduğu üçün qanunlar ona aid deyil. Lakin unutduğu həqiqəti yadına salmağı özümüzə borc bilirik ki, qanunlar ölkənin dayaq sütunlarıdır. Onları silkələməklə dövlətin varlığını silkələyirsən. Dövlət isə sizin kimi məmurları xalqının başı üzərində harınlıq edib:- "Ağanəzərəm, belə gəzərəm” düşüncənizə qurban verməyəcək. 

"DogruXeber.az”