Gündəm / Siyasət / Dünya

Azərbaycan-Rusiya münasibətlərini korlamaq istəyənlər var - GƏLİŞMƏ

 
 
 
 
 
 
Azərbaycan qonşu Rusiya ilə nə qədər səmimi münasibətlər formalaşmasına çalışsa da illərdir adekvat qarşılığını görə bilmir. Bu vəziyyətin nədən qaynaqlandığına gəlincə, politoloqlar hesab edir ki, səbəblər müxtəlifdir. Rusiya Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı Azərbaycana, sadəcə, söz verir.

Belə ki, ayrı-ayrı Rusiya ekspertləri az qala hər ay işğal altındakı ərazilərin azad ediləcəyini açıqlayırlar və ümid yaradırlar. Lakin Rusiya hakimiyyəti ilə bağlantıları olan, ictimai rəyə təsir imkanlarına malik bu şəxslərin proqnozları doğrulmur, sadəcə, işğalın ömrü uzanır. Bunun qarşılığında Moskva Azərbaycanın hərbi yolla torpaqlarını azad etməsinə də hər vasitə ilə mane olur. Azərbaycan Rusiya ilə dost və mehriban qonşuluq əlaqələrinin inkişafında maraqlıdır və Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmasını istəyir. Amma Kreml əsasən Qarabağ konflikti üzərindən həm Ermənistana tam nəzarət edir, həm də mümkün olduqda Azərbaycana da müəyyən təzyiqlər etməyə çalışır. Təkcə Qarabağ məsələsində deyil, iqtisadi məsələlərdə Rusiyadan Azərbaycana təzyiq xarakteri daşıyan addımlara tez-tez rast gəlmək mümkündür. Azərbaycandan Rusiyaya ixrac edilən pomidorun və bir sıra bostan məhsullarının sərhəddən buraxılmaması halları ildə dəfələrlə təkrarlanır.

Bu mövzuda "Yeni Müsavat”a şərhində politoloq Qabil Hüseynli bildirdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə daim alt qatda müəyyən soyuqluq olduğu barədə deyilənlərdə həqiqət payı var. Bu soyuqluq müxtəlif sahələrdə özünü büruzə verir. Rusiya mətbuatında bu soyuqluğu hiss elətdirən, yaxud da əks elətdirən yazılara rast gəlmək mümkündür: "Rusiyanın Xarici İşlər Nazirliyi, xüsusilə nazirliyin sözçüsü Mariya Zaxarova bu məsələlərdə xüsusi rol oynamağa çalışır. Orada yaşayan azərbaycanlı əmək miqrantlarına qarşı da münasibətlərdə soyuqluğa və bəzən qeyri-qanuni hərəkətlərə rast gəlinir. Onların sıxışdırılması da nəzərə çarpır. Bütün bunların hamısını üst-üstə götürəndə görürsən ki, Azərbaycanın Rusiyaya xoş münasibət bəsləməsinə və ikitərəfli münasibətləri inkişaf etdirmək üçün maksimum səy göstərməsinə baxmayaraq, əks tərəfdən adekvat cavabın gəlmədiyinin şahidi oluruq. Əlbəttə, burada Rusiyadakı erməni diasporunun fəaliyyətini də ön plana çəkmək olar, sözsüz ki, Azərbaycanın yürütdüyü müstəqil siyasəti də müəyyən mənada səbəb kimi göstərmək olar. Rusiya heç zaman müstəqil siyasət yürüdən postsovet respublikalarını sevməyib. Bu gün də belədir.

Azərbaycan indi Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmək, tərəfdaşlıq sazişi imzalamaq istəyir. Hələ bu sazişin ideyası meydana çıxanda Moskva mənfi münasibət ortaya qoyurdu. İndi saziş sənədi hazırlanıb yekunlaşmaq üzrədir və ilin sonuna qədər imzalanması gözlənilir. Odur ki, Rusiya, şübhəsiz, bundan heç də məmnun deyil. Azərbaycan öz geosiyasi əhəmiyyətinə görə çox mühüm ölkələrdən biridir. Həm də Azərbaycan Avropa İttifaqının enerji təminatçılarındandır, nəqliyyat dəhlizidir. Bu nöqteyi-nəzərdən onun Avropaya meyllənməsi Avropa üçün əlavə üstünlüklər yarada bilər. Rusiya məhz bundan qısqanır və Azərbaycanı gecikmiş də olsa bu addımlardan çəkindirməyə çalışır. Lakin məncə, qatar gedib və Azərbaycan müəyyən məsafəni qət edib. Azərbaycan bu siyasət vasitəsilə özünün bir sıra iqtisadi məsələlərini reallaşdırmaq istəyir. Üstəlik də biz Rusiyaya güvənərək Dağlıq Qarabağ məsələsində ondan ədalətli münsif olacağını gözləyirdik. Lakin bizim gözləntilərimiz doğrulmadı. Rusiya Qarabağ məsələsində Ermənistanın yanında olduğunu hər addımda ortaya qoyur".

Politoloq onu da dedi ki, Moskvanın uzun illərdir Azərbaycandan bir sıra gözləntiləri var. Həmin gözləntilərin doğrulması üçün isə Rusiya özünün atmalı olduğu addımları atmır: "Rusiya uzun müddət Azərbaycanın KTMT-yə, Avrasiya İttifaqına qoşulacağını gözləsə də, bu gözləntiləri reallaşmadı. Rusiya yaxşı olardı ki, Azərbaycanın bu qurumlara qoşulması üçün irəli sürdüyü şərtlərin yerinə yetirilməsinə nail olaydı. Azərbaycanın KTMT-yə qoşulması Dağlıq Qarabağ probleminin ədalətli həllindən keçirdi. Əgər bu məsələdə Azərbaycanın haqlı mövqeyi müdafiə olunmursa, Azərbaycan nəyə görə KTMT-yə, Avrasiya İttifaqına qoşulmalıdır? Biz şərtlər daxilində o qurumlara qoşula bilərdik. Bununla belə, düşünmək lazım deyil ki, Azərbaycan həmin qurumlara qoşulsa, Rusiyanın bizə münasibətində çox böyük ölçüdə səmimiyyət yaranacaq”.