Gündəm

“INNOLAND” və “AzerGold” QSC sənayenin inqilabi startaplarını bir araya gətirəcək

“INNOLAND” və “AzerGold” QSC sənayenin inqilabi startaplarını bir araya gətirəcək
 
 
 
 
 
 
 
 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi "AzerGold” QSC ilə birgə Akselerasiya Proqramına başlayıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, "AzerGold” QSC-nin idarə heyətinin üzvü, sədrin müavini Xəyyam Fərzəliyevin iştirakı ilə tərəflər arasında görüş keçirilib. Tərəflər Akselerasiya Proqramı haqqında müqavilə imzalayıblar. Əməkdaşlığın əsas məqsədi sahələrarası innovasiyanı stimullaşdırmaq üçün sənayenin inqilabi startaplarını bir araya gətirmək, sənaye ilə bağlı yenilikləri təşviq etmək və prosesləri optimallaşdırmaqdır.

Tərəflər arasında əldə olunan razılığa əsasən, Akselerasiya Proqramında dağ-mədən sənayesində və "AzerGold” QSC-də prosesləri optimallaşdıran, mövcud potensialı inkişaf etdirən, peşəkar bilikləri artıran, aparıcı texnologiyalardan, avadanlıqlardan və həll yollarından istifadə edən startaplar iştirak edə bilər.

Dağ-mədən sənayesi üçün innovativ həllər təqdim etməklə yanaşı, startaplar "AzerGold” QSC-nin təşkilati ehtiyacları üçün, o cümlədən geologiya, insan resurslarının idarəolunması, rəqəmsallaşdırma, hüquq, maliyyə və digər sahələr üzrə həllər təklif edəcək. Akselerasiya Proqramını uğurla bitirən startaplar "AzerGold” QSC ilə birbaşa əməkdaşlıq edəcəklər.