Gündəm / Cəmiyyət

Masallının üç kəndində “pomidor sovkası” xəstəliyi yayılıb


Masallı rayonunun üç kəndində pomidor sahələrində "sovka" xəstəliyi yayılıb.

"Report"un məlumatına görə, on gün ərzində zərərverici həşəratlar Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərinin təsərrüfatlarına xeyli ziyan vurub.

Fermerlərin narahatçılığına səbəb ciddi tədbirlər görülməyəcəyi təqdirdə, xəstəliyin bütün əkin və pomidor məhsulunu zay etmək təhlükəsidir.

Masallı Rayon Bitki Mühafizəsi Mərkəzindən sayta bildirilib ki, görülən tədbirlər nəticəsində xəstəliyin qarşısı qismən alınıb: "Masallı Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumat veriblər. Lakin "sovka" karantin zərərverici sayılmadığı üçün fermerlər kimyəvi dərman preparatlarını öz hesablarına almalıdırlar. Dərmanlama aparatlarının olmaması da fermerlərə zərərvericilərə qarşı mübarizədə müəyyən çətinliklər yaradıb".

"Təsərrüfatlarda əvvəlki illərdə də analoji problemlə üzləşilib. Xəstəliyin genişlənməməsi üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılmasından ötrü hazırda pomidor sahələrində dərmanlama işləri aparılır", deyə məlumatda vurğulanıb.