Gündəm / Cəmiyyət

“Azərpambıq” MMC , yoxsa “qocalar evi” - GİLEY

Son illər respublikamızda pambıqçılığın inkişafı üçün geniş imkanlar yaradılıb. Doğrusu, bir neçə il əvvəl bu qiymətli bitkinin əkininə bir o qədər də ciddi yanaşılmır, yetişdirdiyimiz məhsulu istədiyimiz qiymətə sata bilmirdik.

Zavodlar da var gücü ilə işləyə bilmirdi. Halbuki, ötən illərdə bu kənd təsərrüfatı məhsulu respublikamıza böyük şərəf gətirirdi. Pambıqçılıqla məşğul olanlar özlərinə ev- eşik tikir, minik maşını alır, yaxşı həyət-baca qururdular.
Yaxşı ki, bir neçə ildir ki, pambıqçılığın inkişafında əsaslı dönüş yarandı. Son iki ildir ki, dolanışığımız xeyli düzəlib. Pambıq əkin sahələrini getdikcə artırırıq. Yetişdirdiyimiz məhsulu dərhal alırlar və pulunu da yerindəcə ödəyirlər. Zavodlar da öz gücü ilə işləməyə başlayıb və fermerlərə əməlli-başlı kömək edirlər. Pambığın əkinə başlamasından, ta toplanmasına qədər fermerlərə yaxından kömək edən zavodlar artıq maliyyə baxımından geri çəkilməyə başlayıblar. Səbəbini öyrənəndə isə... təəccüb bizi bürüdü. Sən demə, "Azərpambıq” ASC yaranan gündən pambıq zavodlarının günü göy əskiyə bükülüb. 
Bu cəmiyyətin əksər rəhbər üzvləri pensiya yaşı çoxdan çatmış qocalardır. Əksəriyyəti çirkin əməllərinə və əliəyriliyinə görə pambıqçılıqla məşğul olan "MKT” MMC-dən qovulanlardır. Onların başında dayanan hazırda "Azərpambıq” ASC –də audit rəhbəri olan Asif Sarıyevdir. Yaşı 70-i haqlamış bu adam pensiyaya çıxmış həmyerlilərini, dostlarını, yaxınlarını, qohumlarını ətrafına toplayaraq pambıq zavodlarının başına oyun açır, onların rəhbərlərindən haqq tələb edir. Bu da fermerlərin işini pozur. Çünki Asifin haqqını gecikdirən zavodlarda tez-tez yersiz yoxlamalar aparılır, bu da biz fermerlərin işini gecikdirir. Ona görə ki, pambığın əkilib yetişdirilməsinə qədər bütün işlərin maliyyəsini zavod ödəməlidir. Bizim zavodla bağladığımız müqavilədə də bu, öz əksini tapıb. Ancaq adını audit qoyan, əslində isə reketçilik edən Asifin iddiası, yersiz yoxlamaları pambığın yetişdirilməsinə ciddi problem yaradır.
Bu barədə dəfəlrlə MMC-nin sədri Bəhruz Camalaova müraciət olunsa da, heç bir tədbir görmür. Çünki Bəhruz da Asif Sarıyevlə "MKT” MMC-dən "gələnlərdəndir”. Hansı zavoda üz tuturuqsa, orada "Azərpambıq” MMC-nin "qocalar evi”nin rəhbər vəzifədə işləyən qohumları, yaxınları və pensiyaya çıxmış dostlarıdır. Artıq biz fermerlər "Azərpambıq” MMC-dən ümidimizi üzürük. Buraya cəmləşmiş qoca pensiyaçıları yalnız özlərinin maddi maraqları düşündürür.
Ölkə başçısı gənclərə geniş meydan verdiyi bir halda, "Azərpambıq” MMC-nin "qocalar evi” gəncləri ixtisara salır, onları müxtəlif bəhanələrlə cəmiyyətdən uzaqlaşdırırlar. Ümidimiz bircə Azərbaycan Sənaye Korporasiyasına qalıb. Görəsən pambıqçıların, biz fermerlərin canını "qocalar evi”ndən qurtaran tapılacaqmı?

Malik Ağayev,
Ağcabədi rayonu, Qaradolaq kəndi, fermer. \\gundemxeber.az\\