Gündəm

Peru Konqresində AXC-nin 101-illiyi ilə bağlı bəyənnamə qəbul edilib

 
 Peru Konqresində Azərbaycan Respublikasına və bütün dünya azərbaycanlılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə bəyannamə qəbul edilib.

Səfirlikdən Bakupost-a verilən məlumata görə, sənəd Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşəbbüsü ilə Peru Konqresinin birinci vitse-spikeri Leyla Çihuan Ramos tərəfindən imzalanıb.

Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşları bərabər siyasi hüquqlarla təmin edən Şərqin ilk demokratik respublika olduğu vurğulanıb: "Bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar".

Sənəddə bildirilib ki, bütün dünya azərbaycanlıları mayın 28-ni Azərbaycanın milli bayramı kimi qeyd edirlər və öz əcdadlarının bütün Qafqaz regionunda, Orta Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar. 

Bəyannamədə iki ölkə arasında diplomatik münasibətlərin 1996-cı ildən qurulması və Peru üçün Azərbaycanın mühüm tərəfdaş olduğu qeyd edilib: "2015-ci ildə Peruda Azərbaycan Respublikasının və 2017-ci ildə Azərbaycanda Peru Respublikasının səfirlikləri açılıb. Bu da iki ölkə arasında daha sıx dostluq əlaqələrinin yaranmasına, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf etməsinə təsir göstərib".