Gündəm

Bakı Böyük Britaniyanı ayağa qaldırdı: HƏLƏ BU HARASIDIR?

"Fikir verirsinizsə, UEFA tərəfindən bütün bu iddialara hər hansı reaksiya verilmir. Çünki UEFA kifayət qədər ciddi qurumdur. O, artıq öz qərarını verib və bu qərarın arxasında dayanıb. Azərbaycana güvənib və həvalə edib. UEFA da bilir ki, Azərbaycan bu işin öhdəsindən layiqincə gələcək. UEFA nə erməni futbolçuya, nə də Beynəlxalq Əfv Təşkilatına fikir verəcək. Lakin bu proseslərdə uduzmamaq üçün Azərbaycan informasiya mübarizəsini gücləndirməlidir”.

Bu fikirləri tanınmış idman jurnalisti və teleaparıcı Elnur Əşrəfoğlu deyib.

Beynəlxalq Əfv Təşkilatının (Amnisty İnternational Organization) UEFA Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini pisləməsinə münasibət bildirən jurnalist qeyd edib ki, Azərbaycanı istəməyənlərin nə gəldi yazması, hansısa xoşagəlməz bəyanatlar verməsi artıq təbii bir hala çevrilib:

"Avropa Liqasının finalının Azərbaycanda keçirilməsi əbəs deyil. Bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Respublikamızda bir çox idman növləri üzrə Dünya, Avropa Çempionatları, beynəlxalq yarışlar, olimpiya lisenziyalı turnirlər təşkil olunur. Azərbaycan I Avropa Oyunlarını qəbul edib. Ölkəmizdə İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Bu idman yarışlarını ümumdünya idman təşkilatlarının, beynəlxalq idman federasiyalarının rəhbərləri, Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri hər zaman yüksək qiymətləndirib. Bunun da əyani nəticəsidir ki, Avropa Liqasının finalı da Azərbaycana həvalə olunub. Hələ bu harasıdır? Gələn il Futbol üzrə Avropa Çempionatının 4 görüşü də doğma Bakıda baş tutacaq”.

E.Əşrəfoğlu vurğulayıb ki, idman yarışları ətrafında, xüsusilə, futbol ətrafında bu cür söz-söhbətlər hər zaman olub: "Arsenal”ın, ifadəmə görə üzr istəyirəm, dılğır bir erməni futbolçusunun Bakıya gəlməməsini mətbuatda necə şişirdirlər. Halbuki həmin futbolçunun təhlükəsizliyi ilə bağlı Azərbaycan dövləti tərəfindən təminat verilmişdi. Həmin erməni futbolçu guya qabaqlayıcı təhlükəsizlik tədbirlərinə görə Bakıya gələ bilmir. Lakin bu belə deyil. O futbolçu heç "Arsenal”ın əsas futbolçusu sayılmır. Komanda müəyyən heyət var ki, onunla gələcək”.

Jurnalist iddiaların birtərəfli olmasına, erməni futbolçu Henrix Mxitaryanın Azərbaycana gəlməməsinin təxribata çevrilməsinə diqqət çəkib: "Fikir verirsinizsə, finalçılardan biri "Çelsi” tərəfindən heç bir narazılıq yoxdur. Bütün bu həngamə bir erməni futbolçuya görə yaranıb. Vaxtilə "Arsenal” da elə bu turnir çərçivəsində Bakıya gəlib oynayıb. Sadəcə olaraq, belə etirazlar bizi istəməyənlər tərəfindən səsləndirilir”.

Elnur Əşrəfoğlu belə mənfi halların aradan qaldırılması ilə bağlı optimal təklifini verib: "Mənim fikrimcə, belə iddialara diqqət göstərmək lazım deyil. Lakin necə deyərlər, qılıncı da əldən yerə qoymaq olmaz. Əsasən də mətbuatda, Kütləvi İnformasiya Vasitələrində aktiv olmalıyıq. Avropa, Dünya mətbuatında bu aktivlik yaradılmalıdır. Biz burada uduzmamalıyıq. Bu gün iki ingilis komandası finala vəsiqə qazanıbsa, biz ən çox da Böyük Britaniya mətbuatında aktiv olmalıyıq. Bu ölkənin ən nüfuzlu KİV-lərində, televiziyalarında fikirlər bildirilməlidir ki, insanlar real vəziyyətlə tanış olsunlar. Məsələn, elə BBC-ni, "Euronews”u çağırmaq lazımdır. Mütəxəssislərin fikirlərinə geniş yer verilməlidir. Onsuz da, ingilis azarkeşləri, turistlər Bakıya gələndə özləri həqiqətlə tanış olacaqlar. Lakin dünyada bu söz-söhbətin qarşısını almaq üçün mətbuatda son dərəcə aktiv olmaq lazımdır”.

Jurnalist bildirib ki, belə nüfuzlu idman müsabiqələrinin Azərbaycanda keçirilməməsi üçün heç bir əsaslı səbəb yoxdur: "Niyə belə mötəbər idman yarışları Azərbaycanda keçirilməməlidir ki? Elə iki il öncə Tblisidə Avropa Superkubokunun görüşü keçirildi. Mənim fikrimcə, Azərbaycan da Avropa Liqasının finalını ən yüksək səviyyədə təşkil edəcək. Həm baxımlı olacaq, həm də təhlükəsiz”. (publika.az)