Gündəm / Dünya

Saakaşvilinin arvadı uduzdu, Zaur isə mer seçildi

Gürcü Arzusu Partiyası Gürcüstanda keçirilən aralıq və növbədənkənar seçkidə qalib gəlib.

Kanal14.az xəbər verir ki, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yayımlanan rəsmi məlumatda yer alıb.

Ölkənin beş bələdiyyəsi rəhbərliyinə keçirilən seçkini hakim partiyanın nümayəndələri udub. Gürcüstan MSK Marneulidə olan bütün səslərin hesablandığını və səslərin 78,6%-ni Gürcü Arzusu Partiyasının nümayəndəsi Zaur Darğallının qazandığını bildirib. Onun ən yaxın rəqibi olan Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Aqil Mustafayev 11,49% səs toplayıb.

Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun namizəd olduğu Zuqdidi şəhərində də səslər hesablanıb. Hesablamaya əsasən, Gürcü Arzusunun nümayəndəsi Geqa Şengeliya 54,18%, Vahid Milli Hərəkatın nümayəndəsi Rulofs isə 42,75% səs yığıb.

Zestafoni, Xulo və Çiatura şəhərlərində də Gürcü Arzusunun qalib gəldiyi və Vahid Milli Hərəkatın məğlub olduğu bildirilib. Hakim partiyanın Zestafonidə 7%, Xuloda 47%, Çiaturada isə 46% səs üstünlüyü ilə qalib gəldiyi açıqlanıb.

Aralıq seçki ilə bərabər, dünən Gürcüstan parlamentinə Salome Zurabişvişlinin prezident olmasından sonra boşalan yerə də seçki keçirilib.

Seçki Tiflisin Mtatsmind rayonunda baş tutub.

Buradakı 31 məntəqədə bülletenlərin tam yoxlanılmasından sonra deputatlığa namizədlərdən heç birinin yetərli hesab olunacaq 51% səsi toplaya bilmədiyi üzə çıxıb. Deputatlığa əsas namizədlər olan Gürcü Arzusunun nümayəndəsi Lado Kaxadze 41%, Avropa Gürcüstanı Partiyasının nümayəndəsi Şalva Şavqulidze isə 36,83% səs yığıb.

Seçkilərin ikinci turunun keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili seçkilərin saxtalaşdırıldığını bəyan edib və tərəfdarlarını hakimiyyətə qarşı mübarizəyə səsləyib.  /Axar.az/