Gündəm

Azərbaycan Mxitaryan məsələsini bağladı: təminat verilib, gələ bilər


AFFA-nın baş katibi Elxan Məmmədov növbəti dəfə təsdiqləyib ki, London "Arsenal”ının erməni futbolçusu Genrix Mxitaryanın Bakıda təhlükəsizliyi təmin olunacaq.

"Dövlət orqanlarımız UEFA-ya Mxitaryana aid təminat verib ki, o, Bakıya gələ bilsin, çünki təhlükəsizliklə bağlı heç bir problem yoxdur, - Britaniya KİV-ləri Elxan Məmmədovdan iqtibas gətirirlər. – Hələ "Arsenal” finala vəsiqə qazanmadığı vaxtda biz UEFA-dan təminatın verilməsi barədə sorğu almışdıq. Təhlükəsizlik təminatı verilmişdi. Mxitaryanın Bakıya səfərlə əlaqədar heç bir problemi olmayacaq”.

AFFA rəsmisi təəccüblənir ki, bu məsələ hələ də problem olaraq qalır və "Arsenal” indiyə kimi futbolçunu Bakıya aparıb-aparmamaqda əmin deyil.

"Düzünü desəm, təəccüblənirəm ki, bu mövzunun mətbuatda və İngiltərə cəmiyyətində müzakirəsi davam edir, çünki bizim üçün bu, bitmiş məsələdir, belə ki. bütün zəruri sənədlər təqdim edilib.

"Arsenal”ın təmsilçiləri Bakıda olublar, bu məsələni bizimlə və UEFA ilə müzakirə ediblər. London klubu ötən il "Qarabağ”la oynayanda biz eyni təminatı vermişdik, lakin o vaxt məşqçinin verdiyi qərarla Mxitaryan gəlməmişdi. Ya zədəsi vardı, ya da başqa bir səbəb üzündən.

Erməni idmançılar Bakıya problemsiz gəlirlər. İdman siyasətlə bağlı deyil. Buna görə də, Genrix Mxitaryanın finalda oynaması üçün hər cür imkan var”.

Xəbər verdiyimiz kimi, Britaniyanın "The Guardian” nəşri cümə axşamı dərc etdiyi yazıda bildirmişdi ki, UEFA ilə danışıqlar davam etdirilir, "Arsenal”ın qərarı gələn həftənin əvvəlindən gec olmayaraq elan ediləcək, lakin "topçular”ın cərgəsində məsələ ilə bağlı nikbinlik yoxdur və onlar Mxitaryansız gəlməyi düşünürlər.

Az sonra "The Times” artıq daha böyük qətiyyətlə güman etdiyini bildirdi ki, erməni Azərbaycana getməyəcək. Mənbəyə görə, Mxitaryan təhlükəsizlik məsələləri üzündən Londonda qalacaq. Guya klubda belə hesab ediblər ki, erməninin Azərbaycanda olması ilə əlaqədar səs-küy həlledici oyun ərəfəsində komandaya mane ola bilər. Buna qədər isə bildirilirdi ki, "Arsenal” UEFA-dan komandanın Bakıda hərəkəti zamanı və klub təmsilçilərinin qalacaqları otelin ətrafında hüquq-mühafizə əməkdaşlarının sayının artırılmasını tələb edib ki, Mxitaryan sərbəst şəkildə hərəkət edə bilsin.

Bununla bərabər, AFFA, Azərbaycanın Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyi dəfələrlə bəyan ediblər ki, dövlət Mxitaryana təhlükəsizlik təminatı verib.