Gündəm / Dünya

Çinin Sian şəhərində “Azərbaycan Ticarət Evi” açılacaq


Çinin Sian şəhərində "Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur.

Virtualaz.org xəbər verir ki, Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində IV İpək Yolu beynəlxalq investisiya və ticarət forumu keçirilib. "Yeni dövr, yeni model və yeni inkişaf" devizi ilə keçirilən forumda 25 ölkədən 200-dən çox nümayəndə iştirak edib.

Forum çərçivəsində elektron ticarət əməkdaşlığına həsr olunan "İpək Yolu ticarət əməkdaşlığı – Sian" adlı dəyirmi masada çıxış edən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən biri və bu təşəbbüsün fəal iştirakçısı olduğunu diqqətə çatdırıb. Son illər ölkəmizdə reallaşdırılan irimiqyaslı infrastruktur layihələri, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu barədə danışan ticarət nümayəndəsi bildirib ki, nəqliyyat-tranzit sahəsi ölkələrarası elektron ticarətin mühüm hissəsidir.

Qeyd edib ki, apreldə Pekində ikinci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumu çərçivəsində Azərbaycan-Çin sənədlərinin imzalanma mərasimində Azərbaycan ilə Sian şirkətləri arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığa dair anlaşma memorandumu da imzalanıb. Sənədə əsasən, cari il ərzində Sian şəhərindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, Azərbaycan elektron ticarət platformaları vasitəsilə məhsullarının Çində satışının çoxaldılmasında maraqlıdır. İki ölkənin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini deyən T.Nadiroğlu əlavə edib ki, Azərbaycan Çinə qeyri-neft ixracını artırmaq üçün davamlı tədbirlər görür.

Dəyirmi masa çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəliyi ilə "Xian Lotoke E-Commerce Co., Ltd." şirkəti arasında Sian şəhərində ilin sonuna qədər "Azərbaycan Ticarət Evi"nin açılmasına dair anlaşma memorandumu imzalanıb. Əvvəlcə Siana Azərbaycandan keyfiyyətli qida, içki və şərab məhsulları idxal ediləcək. Şansi vilayətinin kommersiya idarəsi də Sianda "Azərbaycan Ticarət Evi"nin açılmasına öz dəstəyini göstərəcək.