Bu istirahət mərkəzləri tullantılarını birbaşa Xəzərə axıdır
"Vətəndaşlarımızı, obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa, axarları və Xəzər dənizini çirkləndirməməyə çağırırıq”.


Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarə rəisi Ərəstun Həsənov deyib.
Ə.Həsənov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirilən son monitorinqlərin nəticələrindən danışıb.

Onun sözlərinə görə, monitorinqlər zamanı rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud olmadığı, müəssisə və təşkilatlarda formalaşan bərk məişət tullantıları və tullantı sularının düzgün idarə edilmədiyi və nəticədə çirkab suların təbii axarlar vasitəsilə birbasa Xəzər dənizinə axıdıldığı müşahidə edilib.