Bank qalmaqalının yarımçıq qoyduğu
Azərbaycan Beynəlxalq Bankı ilə bağlı qalmaqallı məhkəmə prosesi davam edir. Gəlişmələr onu deməyə əsas verir ki, yaxın bir neçə il ərzində bankdakı mənimsəmələrlə bağlı araşdırmalar kəsilməyəcək.

2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev işdən çıxandan və həbs ediləndən sonra ortaya böyük korrupsiya qalmaqalı çıxdı, yarısı dövlətə məxsus olan bankın şəxsi mülkiyyət kimi istifadə olunduğu üzə çıxdı.

2015-ci ildən Azərbaycanda və ötən ilin əvvəllərindən Böyük Britaniyada Azərbaycan Beynəlxalq Bankı ilə bağlı araşdırmalar gedir. Cahangir Hacıyev həmin araşdırmaların ilkin mərhələsinin sonucu olaraq, 15 il müddətinə azadlıqdan məhrum olunub. Hazırda onun və digər şəxslərin sözügedən bankdakı mənimsəmələrlə bağlı digər epizordlar üzrə də daha bir məhkəməsi keçirilir.

Azərbaycan Beynəlxalq Banknın keçmiş rəhbərliynin fəaliyyətindəki qalmaqallı addımlar ümumilikdə bankla əlaqəli bir çox qurumların işində, layihələrin icrasında da problemlər yaradıb. Belə layihələrdən biri də "Xəzər adaları”dır. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılan layihəyə görə, Xəzər dənizində, Bakıdan 25 km cənubda 41 adadan ibarət, 3 min hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri yaradılmalı idi. 2012-ci ildə "Khazar İslands” süni adalarının tikintisi layihəsi Azərbaycanın vergi orqanlarında dövlət qeydiyyatından keçmişdi. Layihə "baş” adadan, iki paralel xətlə uzanan tikililərdən, onların boyunca çoxmərtəbəli binalar ucaldılmış kiçik adalardan və villalar üçün ayrıca adalardan ibarət olmalı, kompleksin tikililəri və adaları körpülərlə birləşməsi nəzərdə tutulurdu.

2020-2025-ci illərdə başa çatdırılması planlaşdırılan layihə üzrə işlər 2015-ci ildə dayandırıldı. Həmin müddətə qədər "Xəzər adaları”nda 11 göydələn və bir neçə sosial obyektlərin tikinti işləri intensiv şəkildə davam etdirilirdi. Cahangir Hacıyevin həbsindən sonra isə "Xəzər adaları”nda da iş aparılmır. Artıq 4 ildir ki, "Xəzər adaları” sahibsiz küləklər meydanına çevrilib. Adalarda hündürmərtəbəli binaların inşası üçün nəzərdə tutulan qaldırıcı kranlar da hərəkətsizdir, tikililərdə kimsə gözə dəymir. Layihənin tamamlanması üçün ümumilikdə 60 milyard manat tələb olunur. İlkin mərhələ üçün Hacı İbrahim Nehrəmli Azərbaycan Beynəlxalq Bankından 850 milyon manat kredit götürmüşdü. 2011-ci ildə 850 milyon manat 1 milyard dollardan artıq vəsait demək idi.

Krediti götürmüş Hacı İbrahim Nehrəmli açıqlamalarında "Xəzər Adaları”ndakı 5 tikintisi başa çatmayan obyektin bankın nümayəndələri tərəfindən qiymətləndirildiyini bildirmişdi: "Həmin 5 obyektə bankın qoyduğu qiymət 1,5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər”. 

Bəs nə etməli?

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, "Xəzər Adaları” hazırda hüquqi baxımdan Azərbaycan Beynəlxalq Bankının balansındadır: "Kredit müqavilələrinin təminatı olaraq banka girov qoyulmuşdu. Bu layihənin ilk gündən yeri, məkanı doğru seçilməmişdi. Ona görə də ”Xəzər adaları"nın yaşayış yeri kimi götürülməsi problemlidir. Dənizdə daim rütubət var, sahildə sement və digər çoxsaylı zavodlar var. Yəni daimi yaşayış üçün o qədər də əlverişli deyil".

İqtisadçı-ekspert düşünür ki, "Xəzər adaları” əyləncə məkanı kimi daha əlverişlidir: "Xəzər adaları” Bakının 25 kilometrliyindədir. Bu baxımdan əyləncə mərkəzi kimi fəaliyyəti effektiv ola bilər. "Xəzər Adaları”nda kazino biznesinə icazə verilməlidir. Əgər orada kazinoların, xüsusi əyləncə mərkəzlərinin açılmasına icazə verilərsə, bu, ölkə iqtisadiyyatı üçün də əlverişli olar. Yarımçıq qalmış tikinti başa çatdırılar. Minlərlə yeni iş yeri açıla bilər, turistlər üçün cəlbedici olar".

İqtisadçı layihənin başa çatdırılması üçün xarici investorların da cəlb edilməsi imkanlarının nəzərdən keçirilməsini məqsədəuyğun hesab edir. 

Mənbə: musavat.com