Gündəm

Atatürkün ilk canlı rəsmini çəkən azərbaycanlı rəssam


 

Rəngdən və işıkdan bir devdi Səfi
Aramadı, rütbə, şan, sənəti sevdi Səfi

Prof. Enver Tali Çetin

 Yaratdığı əsərlərlə dünya rəssamlıq sənətinin bir parçasına çevrilmiş Türkiyə və Azərbaycan xalqının ortaq dəyəri, dünya şöhrətli rəssam İbrahim Səfi kimdir?
Səfiyev Rəhman Qafar bəy oğlu(sonradan İbrahim Səfi kimi tanınmışdır) 1898-ci ildə Şərur-Dərələyəz qəzasının Cəlilkənd kəndində anadan olmuşdur. Tarixçi alim Əli Əliyevin verdiyi məlumatlara görə soy-kökü Səfəvilər nəslinə söykənir. Rəhman Səfiyevin mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Tağı bəy Səfiyev, Abo Fətəli bəy Düdənginski Səfiyev kimi nəhəng simalar bəxş etmişdir. 

Qafar bəy Səfiyevin 6 övladı o cümlədən Bədirnisə, Şiəmən, Mina, Xırdaxanım adlı dörd qızı Kərim və Rəhman adlı iki oğlu olmuşdur. İbrahim Səfinin ailə məlumatlarını dəqiqləşdirilməsinə rəssamın yeganə qardaşı Kərim bəy Səfiyevin nəvəsi dosent Elşad Səfiyev işıq salır. Həmçinin Elşad Səfiyev bir neçə il bundan əvvəl İbrahim Səfinin məzarını taparaq Azərbaycandan ilk ziyarət edən şəxs olmuşdur. 

Səfiyev Rəhman Qafar bəy oğlu Cəlilkənd orta məktəbini, İrəvan Müəllimlər Seminariyasını bititrdikdən sonra 1917-ci ildə Rusiya Ali Rəssamlıq Məktəbini qəbul olmuş Rusiyada baş verən inqilab onun təhsilini yarımçıq qoyaraq vətənə geri qayıtmasına səbəb olmuşdur. 1918-ci ildə Azərbaycanın bütün coğrafiyasında o cümlədən Naxçıvanda başlayan erməni-müsəlman qırğınları ilə əlaqədar Rəhman Səfiyev Qafqaz İslam Ordusu sıralarında Azərbaycan torpaqlarının ermənilərdən azad olunmasında iştirak etmişdir. Sonradan Qafqaz İslam Ordusu ilə birlikdə Türkiyəyə qayıdan Rəhman Səfiyev 1919-1920-ci il tarixlərində zabit kimi Türkiyədə Qurtuluş savaşında iştirak edib. 1923-cü ildə İstanbul İncəsənət Akademiyasından məzun olmuşdur.
MUSTAFA KAMAL ATATÜRKÜN NATURADAN ŞƏKİLİNİ ÇƏKƏN İLK RƏSSAM KİMİ MƏDƏNİYYƏT TARİXİNƏ DÜŞÜR.
  Yaxın dostu Türkiyənin məhşur rəssamı və kolleksiyoneri Naci Tərzi İbrahim Səfinin Türk dünyasının böyük lideri Qazi Mustafa Kamal Atatürkün naturadan rəsmini çəkdiyini bildirir. Lakin təəsüf ki, əsərin çəkilməsinin digər təffərüatları barədə geniş məlumatlar məlum deyil. RƏHMAN BƏY SƏFİYEV- İBRAHİM SƏFİ OLUR.
 Türkiyədə 1934-cü ildə Soyad haqqında qanun qəbul edilddikdən sonra Rəhman Səfiyev adını dəyişmək məcburiyyətində qalır. Qəbul edilmiş qanuna əsasən "ağa”, "hacı”, "hafız”, "hoca”, "efendi”, "bey”, "beyefendi”, "hanımefendi”,”paşa”, "hazret” təxəllüslərinin qəbul edilməsi həmçinin ov, yev və digər soyad sonluqları qadağan edilmişdir. Beləliklə Rəhman Səfiyev bu qanundan sonra Türkiyədə artıq İbrahim Səfi ad soyadı ilə yaşamağa başladı. 
İlk yaradıcılığı dönəmində Türkiyənin məşhur rəssamı Namik İsmayılın emalatxanasında «Misafir Talebe» olaraq çalışmışdır. Müharibənin ağrı-acısını görmüş rəssam sonralar 1938-ci ildə çəkdiyi "Müharibənin nəticəsi” tablosunda yaşadıqlarını, gördüklərini insanların simasında əks etdirmişdir. 

1953-cü ildə 55 yaşındaykən Zaharina adlı yunan qadınla evlənib. Yaxın dostu Türkiyənin məhşur rəssamı Naci Tərzi dostu İbrahim Səfinin dul yunan qadınla evlənməsinin səbəbini rəssamın maddi durumunun yaxşı olmaması ilə əlaqələndirmişdir. 

İbrahim Səfinin yaxın qohumu hərbi jurnalist, ictimai xadim mərhum Leyla Vəkilli (bu sətirlərin müəllifinə 2011-ci ildə Bakıda qonaq olarkən söyləmişdir) İbrahim əmi dediyi məhşur rəssamın yunan Zaharina ilə evlənməsini rəssamın yaxın ətrafı və o cümlədən atası Həsənalısultan Vəkillinin müsbət qarşılamadığını lakin bu qərara hörmət etmək məcburiyyətində olduğunu bildirmişdir. 

Uğursuz bir yunan qadınla evlənmək məhşur rəssama sonralar zəngin irsinin çox hissəsinin dağılmasına səbəb olmuşdur. Dünya şöhrətli rəssamla yaşayan Zaharina Türkiyəyə bağlayan müqəddəs bir şeyin olmadığı üçün o rəssamın ölümündən sonra öz vətəni Yunanıstana qayıtmışdır. Zaharina Afinaya birinci ailəsindən olan övladlarıının yanına köçərkən həyat yoldaşının ən dəyərli tablolarını da özü ilə aparır. Sonralar Zaharina xanım maddi ehtiyac üzündən İbrahim Səfinin ən dəyərli tablolarını satmışdır. Bu tabloların bəziləri rəssamın yaradıcılığına böyük mənəvi dəyər verən professor, kolleksiyaçı Ənvər Tali Çətin tərəfindən bir neçə tablonun qarşılığında geri qaytarmışdır. Digər əsərlərinin taleyi isə nəməlum qalır.

Professor Ənvər Tali Çətin
  İbrahim Səfi haqqında yazarkən professor Ənvər Tali Çətindən söz açmamaq mümkün deyil. Peşəcə həkim olan professor Ə.Tali Çətin uzun illər dostluq etdiyi İbrahim Səfi haqqında ayrıca kitab nəşr elətdirmişdir. 1990-cı ildə nəşr edilən İbrahim Safi adlı kitab, 281 səhifədən ibarət olmaqla həmin ildə Atatürk Kültür Mərkəzində açılan İbrahim Safi sərgisinin dəyərləndirən bir yazı ilə başlayır. Müəllifin "İ.Səfinin həyatı və sənəti” adlı yazı ilə davam edir. Bundan başqa kitabda Ali Rza Jadidinin "İbrahim Səfinin sənəti” başlıqlı yazısı və Haluk E.Atamın yazdığı "Safiden Deyişiler, Anılar” başlıqlı bir başqa sonra isə Ə.Talinin qələmə aldığı "İbrahim Səfinin kimliyi” adlı bölmə ilə davam edir. Feriha Büyüknalın Ə.Tali ilə "İbrahim Safi Kolleksiyonu və İbrahim Safi sərgisi” mövzusunda dialoqu da kitaba xüsusi rəng qatmışdır. Həmçinin kitabda Sezer Tansuğ, Tekin Erer, Moşe Grosman, Selim İleri kimi sənətşünasların İbrahim səfi haqqında fikirləri yer almaqdadır. 
Dünya şöhrətli rəssam Almaniya, İtaliya, Avstriya, Yunanıstan və İsveçrədə açdığı rəsmi sərgiləri ilə dünya rəssamlıq sənətinə öz tövhələrini vermişdir. İbrahim Səfi əsərlərini müxtəlif janrlarda və fərqli mövzularda yaratmışdır. Portret, mənzərə, natürmort, süjetli tablo və.s. Tədqiqatçılar onun əsərlərindəki rəng və bədii ifadə gücünə görə onu "Neo-Rembrandt” axınının həmçinin Türkiyədə rus realizminin nümayəndəsi hesab edilməklə impressionizm ən-ənələrinə güclü meyllər olduğu söylənilməkdədir. 

Məhşur rəssamın Türkiyədə 100 fərdi rəsm sərgisi keçirilmişdir. Sonuncu yüzüncü fərdi sərgisi 4 yanvar 1983-cü il tarixində İstanbulda Oda Kule İş Mərkəzinin sənət salonunda keçirildikdən sonra axşam saatlarında İbrahim Səfi vəfat etmişdir.

İbrahim Səfini Azərbaycan oxucusuna tanıdan onun barəsində ilk məqaləni yazan görkəmli alimlərimiz Abbas Zamanov və Mürsəl Nəcəfov olmuşdur. Bundan başqa ayrı-ayrı vaxtlarda Ramiz Abutalıbov, Əzizə Cəfərzadə, Ülkər Veysəli, Elşad Əlili, Ziyadxan Əliyev, Fizzə Quliyeva, Mais Əliyev dünya şöhrətli rəssama həsr edilən məqalələr yazmışlar. Naxçıvan Rəssamlar Birliyinin rəhbəri Ülviyyə Həmzəyeva isə "İbrahim Səfinin yaradıcılığının özünəməxsus xüsusiyyətləri mövzusunda” diserrtasiya mövzusu işləməkdədir. Həmçinin Ü.Həmzəyeva İstanbulda İbrahim Səfinin mənzilinin aşkar etmiş və mənzilin ev muzeyinə çevrilməsi ilə bağlı təklif irəli sürmüşdür.  Səməd Vəkilov
Hüquqşünas