Gündəm / Cəmiyyət

Xaricdəki iki jurnalistin votsap danışıqları necə ələ keçib? - QALMAQAL

 Xaricdəki iki jurnalistin votsap danışıqları necə ələ keçib? - QALMAQAL
 
 
 
 
 
 
 
 
ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Almaniyada yaşayan həmkarı Çingiz Sultansoy arasında votsap danışıqlarının səs yazısı yayılıb. "Yeni Müsavat” xəbər verir ki, S.Osmanqızı faktı təsdiqləyib və iki jurnalist arasında işgüzar söhbət olduğunu, qeyri-adi nəsə baş vermədiyini açıqlayıb.
Jurnalist onu maraqlandıran vacib məsələnin iki xarici ölkədə yaşayan şəxslərin danışıqlarının necə yayılması olduğunu vurğulayıb.
O, mobil telefonunun necə izləndiyini sual edib. Onun sözlərinə görə, bu məsələdə ABŞ və Almaniyanın mobil operatorlarının iştirakı olub: "Bu söhbət bir ay qabaq olub və həmkarımla verilişi necə yaratmaq, harada yayımlamağı müzakirə eləmişik. Bəs necə olur ki, iki Qərb ölkəsində iki jurnalistin söhbəti Azərbaycan iqtidarının mediasına sızır? Söhbət bizim təhlükəsizliyimizdən gedir”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Yeni Müsavat”a bildirdi ki, əgər onların danışıqları dinlənilibsə, buna ilk növbədə votsap cavab verməlidir: "Bu proqrama cavabdehlər izahat verməlidirlər ki, səs yazısı necə ötürülüb. Bu, Skripalın Britaniyada zəhərlənməsinə bənzəyir. Söhbət ondan getmir ki, kimsə öldürülməyib, məxfi danışıqlara qulaq asılıb, insanın hüququ pozulub. Bu da votsapın öz nüfuzuna xələl gətirir. Votsap izah eləməlidir ki, bu, necə Azərbaycana gəlib çıxıb. Ona görə biz səhih söz deyə bilmərik. Bəlkə ikisindən biri ötürüb? Burada söhbət şəxslərin təhlükəsizliyindən çox sistemin təhlükəsizliyindən gedir.
Hər iki ölkənin ərazisində sistem təhlükəsizliyinə cavabdeh olanlar var. Bunu araşdırmaq Azərbaycan tərəfinin yox, Sevinc Osmanqızı ilə Çingiz Sultansoyun işidir. Bunlar terroçu, təhlükəli adamlar deyil. Lap mümkündür ki, votsapda iqtidar əleyhinə danışıblar. Bu da əsas vermir ki, səsləri ələ keçsin".