Gündəm / Cəmiyyət

“ZELENSKİ QALİB GƏLƏCƏK, GƏRGİNLİK ARTACAQ…” – “2021 regionun taleyi baxımından həlledici il olacaq”

 
 
 
 Sülhəddin Əkbər: "Soyuq Müharibə dövründə hərbi protokollarının tozu təmizlənərək masaya qoyulub”

Azərbaycan Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin "AzPolitika.info”ya müsahibəsi
- Sülhəddin bəy, 10 gündən sonra Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək. Hazırda postsovet coğrafiyasının ən gərgin nöqtəsi hesab olunan Ukraynada seçki gözləntiniz nədən ibarətdir?
– Mənim şəxsi qənaətim belədir ki, Ukraynada kimin qalib gəlməsindən asılı olmayaraq, demokratiyanın qalib gəlməsi daha əhəmiyyətlidir. Başqa sözlə, Ukrayna dövlətinin baş tutması, ölkənin milli təhlükəsizlik problemlərinin həlli, Ukraynanın Avropa Birliyinə və NATO-ya inteqrasiyası kimi vacib məsələlər ilk növbədə bu ölkədə demokratiyanın baş tutmasından asılıdır. Demokratiyanın baş tutması üçün isə azad və ədalətli seçkilərin keçirilməsi çox önəmlidir. Bildiyiniz kimi, Ukraynada böhranlar və onun ardınca gələn inqilablar adətən seçkilərlə bağlı olub. Ukrayna indiki şəraitdə, yəni Krımın Rusiyaya ilhaqı və Donbasın bir hissəsinin işğalından sonra yeni inqilaba risk etməməlidir. Çünki bunun nə ilə nəticələnəcəyini demək çətin olsa da, Ukrayna və ukraynalılar üçün ağır nəticələrini görməmək də mümkün deyil. Mənə elə gəlir ki, Poroşenko, onun tərəfdarları, eləcədə Ukraynada demokratiyadan yana olan qüvvələr də bunu anlayır. Həmçinin, Ukrayna demokratlarının Avropa və Amerikada olan dostları da, bu fikri onlara təlqin edir. Bu mənada Ukraynada önəmli olan kimin qalib gəlməsi deyil, azad və ədalətli seçkilərin baş tutmasıdır.
- Hər halda seçkinin nəticələrinə dair proqnozlarınız maraqlıdır…
– Şübhəsiz ki, indiki prezident Poroşenko bütün dövlət resurslarından istifadə etməyə və mövqeyini qoruyub saxlamağa cəhd edəcək. Amma real vəziyyət onun əleyhinədir. Bütün ukraynalı ekspertlər birinci turda olan böyük səs fərqinin ortadan qaldırılmasını qeyri-mümkün hesab edirlər. Təbii ki, bu siyasətdir və siyasətdə hər şey mümkündür. Amma yeddi faiz səs kritik hədd hesab olunur. Lakin Poroşenko ilə Vladimir Zelenski arasında birinci turda keçirilən seçkilər zamanı 15 faizlik səs fərqi olub. Yerli mütəxəssislər hesab edirlər ki, ikinci tur seçkilərdə Poroşenkonun ehtiyat resursu çox dardır, onun əleyhinə olan elektorat isə çox böyükdür. Demək olar ki, Ukrayna seçicilərini yarısı, bəzi hallarda isə yarısından çoxu seçkilərdə heç bir halda Poroşenkoya səs verməyəcəyini keçirilən sorğular vasitəsilə ifadə edib. Odur ki, doğrudan da azad və ədalətli seçkilər keçiriləcəksə, ikinci turda Zelenskinin qalib gəlmə ehtimalı yüksəkdir.
- Ukraynada sosial-iqtisadi vəziyyət ürəkaçan deyil, bir çox hallarda qanunun işləməsi problemi mövcuddur. Zelenski kimi təcrübəsiz və komandası olmayan birinin qalib gəlməsi Ukrayna üçün nə vəd edər?
– Ukrayna yeni Avropa təhlükəsizlik sisteminin məhəkdaşı hesab olunur. Həm ABŞ, həm də Avropa Birliyi və onun aparıcı dövlətləri Ukraynanı yeni Avropa təhlükəsizlik sisteminin məhəkdaşı sayırlar. Yəni yeni dünya nizami içərisində Avroatlantik məkanın aparıcı rolu nəzərdə tutulur. Bu məkanda isə yeni Avropa təhlükəsizlik sistemi aparıcıdır. Əgər Qərb baxışı ilə yeni Avropa təhlükəsizlik sisteminin məhəkdaşı Ukrayna hesab olunursa, deməli Qərb ondan vaz keçməyəcək. Digər tərəfdən, Rusiya imperiyası üçün də Ukrayna, yəni tarixi legitimlik baxımından "Kiyev rus dövləti” olmazsa, olmazdır. Bildiyimiz qədər nə Putin, nə də Putin Rusiyası hələlik imperiya ambisiyasından əl çəkməyib. Ona görə də, yaxın gələcəkdə Ukrayna uğrunda müharibənin daha da şiddətlənəcəyi gözləniləndir.

ukr

Zelenskinin siyasi təcrübəsinin olmamasını nəzərə alsaq burada komanda və proqram çox mühüm amil kimi ortaya çıxacaq. Sözsüz ki, Zelenski və onun komandasının siyasi iradəsinin nə dərəcədə güclü olması da vacib amildir. Yəni bu komandanın Ukraynanın dərdlərinə məlhəm olacaq proqram ortaya çıxarıb, onun icrasını təmin edib-etməyəcəyi olduqca önəmlıidir. ABŞ və Avropanın bu komandaya nə dərəcədə dəstək verməsi də, bu baxımdan əhəmiyyətlidir. Aydındır ki, ABŞ, Avropa Birliyi və NATO öz proqramını gücləndirməkdə davam edəcəklər. Amma Zelenski və komandasının effektiv proqram ortaya qoyması, habelə bu proqramı həyata keçirmək üçün siyasi iradə nümayiş etdirməsindən çox şey asılı olacaq.
- ABŞ və Avropanın indiki prezident Poroşenkoya dəstək vermə ehtimalı varmı?
– Mən qeyd etdim, burada önəmli olan şəxslər yox, Ukraynanın Brüssel və Vaşinqton üçün olan əhəmiyyətidir. Odur ki, Ukraynada və xüsusilə Qara dəniz hövzəsində gərginliyin artacağı gözlənilir. Bir faktı qeyd edim: NATO Qara dənizdə təlimlərə başlayır. Bu təlimlərin müddəti 120 gün olacaq. Siz, heç 120 günlük hərbi təlim eşitmisiniz? Bu nə deməkdir? O deməkdir ki, NATO-nun daimi hərbi dəniz qrupları artıq Qara dənizdə daimi və aktiv fəaliyyət göstərəcək. Eyni zamanda Vaşinqton NATO nəzdində belə təkliflər paketi ilə çıxış edib ki, Ukrayna gəmilərinin Kerç boğazından keçməsinin təmini üçün boğaza NATO gəmiləri göndərilməlidir. Yəni bu gəmilər Ukrayna gəmilərinin boğazı keçməsi və Azov limanlarına təhlükəsiz giriş-çıxışını təmin etsinlər. Rusiya tərəfi də buna çox qıcıqlı formada cavab verib. Üstəlik, "Ukrayna-2020” proqramı başa çatır. Bu proqram çərçivəsində Ukrayna Müdafiə Nazirliyi və silahlı qüvvələri NATO standartlarına çatmış olmalıdır. Bu mənada hesab edirəm ki, 2019-cu ilin II yarısından 2021-ci ilə qədərki dövr postsovet məkanı üçün önəmli zaman kəsiyi olacaq.
- Yəni qarşıda regionu gərgin illərin gözlədiyini düşünürsünüz…
– Bəli. Regionun taleyinin həlli baxımından həlledici illər olacaq. Xüsusilə, 2021-ci il.
- Rusiya da, istənilən itkilərlə barışmadığını dəfələrlə nümayiş etdirib…
– Rusiya sözsüz ki, buna intensiv formada hazırlaşır. Başqa sözlə, hər iki tərəfdə hazırlıq gedir. Burada artıq soyuq müharibə dövründə olduğu kimi silahlanma yarışı başlayıb, Avropada raketlərin yerləşdirilməsi məsələsi gündəmə gələ bilər. Artıq soyuq savaş dönəminin hərbi protokollarının tozu silkələnərək masa üzərinə çıxarılıb, strateji qüvvələrin dinamik şəkildə yerləşdirilməsi doktrinası gündəmə gəlib. Baltik respublikalarında və Polşada ABŞ-ın hərbi qüvvələri yerləşdirilib. Hərbi iştirak və aktivlik artan istiqamətdə davam edəcək. Cənubdan da, İran məsələsinin aktual mövzu kimi ortaya çıxdığını nəzərə alsaq, fikrimcə, real mənzərə təxminən aydın olur.
- Gərginlik deyəndə siyasi və iqtisadi münasibətlərdə yaranan gərginliyi nəzərdə tutursunuz, yoxsa hətta silahların işə düşmə ehtimalını?
– Mən daima deyirəm ki, müasir dünyada müharibələr strateji xarakter alıb. Strateji müharibə zamana yayılan, yəni uzun müddətli hesab olunan, hərtərəfli, geopolitik, geostrateji, geomədəni, siyasi, iqtisadi, psixoloji və informasiya müharibəsini əhatə edir. Demək istəyirəm ki, müharibə hərtərəfli və dərin aparılır. Əslində strateji savaş başlayıb. Biz müharibə deyəndə adətən tankların və təyyarələrin iştirak etdiyi geniş çaplı hərbi toqquşmaları nəzərdə tuturuq. İndi müharibələrin şəkli dəyişib. Bəzən siyasi-diplomatik komponent ön plana çıxır, bəzən geopolitik, bəzən kiber hücumlar, bəzən də raket zərbələri və ya iqtisadi sanksiyalar elementi önə çıxır.
- Sizcə, postsovet ölkələri, o cümlədən Azərbaycan, dediyiniz kimi, qarşıdan gələn gərgin dövrə hazırdırmı?
– Rusiya öz maraq və baxışlarına uyğun şəkildə buna hazırlaşır. Ukrayna, Gürcüstan və Moldova qərbdəki tərəfdaşları ilə birlikdə buna hazırlaşır. Həmçinin Qazaxıstanın, müəyyən dərəcədə Belarusun buna hazırlığının olduğunu düşünürəm. Orta Asiyanın yerdə qalan respublikalarının, Azərbaycanın buna hazır olduğunu müşahidə etmirəm. Bizdə nəsə olacağını görürlər, amma buna necə hazırlaşılmalıdır, bunun üçün siyasi iradə varmı? Çünki lazım olan addımları lazım olan zaman kəsiyində atmalısan. Strategiyada klassik üç aparıcı amil var: zaman, məkan və güc məsələsi.
- Bəs Ermənistanın bu baxımdan durumu necədir?
– Dərin erməni dairələrinin dünyada gedən prosesləri qavradığını, onların atdığı addımların vəziyyətə adekvat olduğunu düşünürəm. Bu fikirləri deyərkən Ermənistanda ötən ilin aprelində gedən hadisələri nəzərə alıram…