Gündəm

Məhəmməd Hadi küçəsində ağac kəsimi faktı aşkarlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağac kəsintisi ilə bağlı daxil olan məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı 38-42 sm diametrliyində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

 

Qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Xətai Rayon Polis Şöbəsinə məktub göndərilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xətai Rayon Prokurorluğuna müraciət edilib.