Gündəm

“Vasif Talıbov məni təhqir edən naziri təltif edir” - Qüdrət Həsənquliyevdən SENSASİON AÇIQLAMA



"Naxçıvandan Azad Cabbarov adlı bir nazir və başqa bir vəzifəli şəxs, Prezident və iqtidar partiyası mənəvi terrorla məşğul olanları qınadığı halda, Prezident və ailəsi təhqir olunan zaman susan bu mənfur ünsürlər sosial şəbəkədə Naxçıvanı təmsil edən deputat olmama baxmayaraq, məni Naxçıvanın "daxili işlərinə” qarışmaqda ittiham edərək siyasi fəaliyyətimə aidiyyatı olmayan yaxınlarımla birlikdə nalayiq formada təhqir etmişlər”. 

Bu sözləri "AzPolitika.info”ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bəyan edib.

O iddia edib ki, sözün bütün mənalarında böyüklərinə dediklərini mənə ünvanlamışlar: "Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər əslində ölkə rəhbərliyinə meydan oxuyurlar. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, məni təhqir edənlər barədə heç bir tədbir görmədi, əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi”.

Partiya sədri ümid edib ki, bu açıqlamasından sonra Azərbaycan rəhbərliyi deputatı təhqir edən, iqtidarda olub onun siyasətinə qarşı çıxan həmin şəxsləri cəzalandıracaq, kimsənin ona meydan oxumasına və mərkəzi hakimiyyətin Naxçıvana nəzarəti itirməsinə şübhələrin yaranmasına imkan verməyəcək, söyüş söyənləri qınamağa mənəvi haqqını qoruyub saxlayacaqdır.