Gündəm

Universitetlərin hazırlıq qruplarındakı oğlanlar əsgərliyə gedəcək? – Qanunvericilikdə boşluq var

Universitetlərin hazırlıq qruplarındakı oğlanlar əsgərliyə gedəcək? – Qanunvericilikdə boşluq var
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Oğlan abituriyentlərin ali təhsil müəssisələrinin hazırlıq qruplarında oxumasına şərait yaradılması üçün qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var.

 

Bu, BakuPost-un Nazirlər Kabineti 26 noyabr qərarı ilə təsdiq edilən "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası” ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) ünvanladığı sorğuya cavab zamanı üzə çıxıb.

Qeyd edək ki, Nazirlər Kabineti 26 noyabr qərarı ilə "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nı təsdiq edib. Qaydaya əsasən Ali təhsil müəssisələrinin hazırlıq qruplarında 2 semestr ərzində oxuyacaq abituriyentlər barədə məlumatlar "Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə daxil ediləcək. Hazırlıq qruplarında tədrisin sonunda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Qaydalarda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçiriləcək və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Layihənin hazırlanmasında iştirak etmiş Təhsil üzrə ekspert Kamran Əsədov BakuPost-a açıqlamasında bildirmişdi ki, hazırlıq qruplarında oxuyacaq və adları "Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə daxil ediləcək oğlan abituriyentlərə avtomatik 1 il hərbi xidmətdən möhlət hüququ veriləcək.

Məsələn, bu halda 2019-cu il oktyabrın 1-də hazırlıq qrupunda dərslərə başlayan şəxs ali məktəbə qəbul olmasa, yalnız 2020-ci ilin oktyabrında hərbi xidmətə gedəcək. Ancaq eyni şəxsə hərbi xidmətdən yayınmaq üçün növbəti il də ali məktəbə qəbul olmayan zaman hazırlıq qrupunda oxumaq şansı verilməyəcək. Hazırlıq qrupundan sonra ali məktəbə qəbul olan oğlanlara isə qanunvericiliyə uyğun yenə hərbi xidmət möhlət hüququ qazanacaqlar.

DİM isə BakuPost-un sorğusuna cavab olaraq bildirib ki, bu məsələ hələ qanunvericilikdə hələ əksini tapmayıb: "Bu məsələnin həlli Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aid deyil”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibləyli də BakuPosta açıqlamasında bildirib ki, ali məktəblərin hazırlıq qruplarında oxuyacaq oğlan abituriyentlərlə bağlı məsələ əksini tapmayıb: "Qanunvericilikdə bu məsələ ilə ayrıca maddə yoxdur. Bu barədə müvafiq icra orqanları məsələ qaldıra bilər”.