Gündəm / Sosial

"Komitə işini gücləndirməli və peşəkarlaşdırmalıdır" - Partiya sədri


"Dini məsələlərin qabardılması Azərbaycan kimi həssas geosiyasi məkanda yerləşən ölkədə çox ciddi məsələdir. Dünyanın ən böyük şiə ölkəsi İranla əhli-sünnə ölkəsi Türkiyə Azərbaycanla sərhəddir. Azərbaycan bu iki ölkənin qovşağında yerləşir”.

Bu fikri Yenicag.az-a açıqlamasında son günlər dini məsələlərin ölkədə gündəmə gətirilməsinə münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı səsləndirib.

Tural Abbaslı bildirib ki, Azərbaycanda nəinki sünni-şiə, heç bir dinlər arasında qarşıdurma olmayıb:

"Bəzi qüvvələr tərəfindən bu məsələnin süni şəkildə qabardılması müşahidə olunur. Buna görə də bu sahədə canlanma var. Xüsusi xidmət orqanları bu məsələlərdə həssas olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işini daha da gücləndirməli və peşəkarlaşdırmalıdır.

Partiyamıza dini icmalardan müxtəlif formatlarda şikayətlər gəlir. İlkin mərhələdə bunların qarşısının alınması çox rahatdır. Məsələ uzandıqca problem daha dərinə enir və çıxılmaz vəziyyət yaradır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciətlər edirik. Biganə və laqeyd yanaşma görürük. Ona görə də dini məsələdə hansısa problemlərin olması, bu sahə ilə məşğul olan dövlət qurumlarının öz işinin öhdəsindən gəlməməsi anlamına gəlir. Real problemlərin real həlləri təklif olunmalıdır.

Xalqımızın tolerantlığı mümkün təxribatların qarşısını alır. Aidiyyatı qurumlar xalqımızın tolerantlığına arxayın olub, fəaliyyətsiz qalmamalıdırlar”.