Gündəm / Siyasət

Kərim Vəliyevi qaralama kampaniyası: məqsəd nədir? - VİDEO

Kərim Vəliyevi qaralama kampaniyası: məqsəd nədir?
General-leytenant Kərim Vəliyevin Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi nəinki Ordumuzda, eyni zamanda xalq arasında böyük dəstəklə qarşılanıb.

Kanal14.az  Axar.az-a istinadən xəbər verir ki, K.Vəliyevin adı heç vaxt hansısa qaranlıq işlərdə, korrupsiyada, rüşvətdə hallanmayıb. Öz zabit şərəfini hər şeydən uca tutan K.Vəliyevin əsgərlər arasında da böyük hörməti var. Bütün karyerası boyu daim aktiv döyüş bölgələrində olan, səngərlərdə yatan general-leytenant Vətən Müharibəsində ön cəbhədə döyüşlərdə birbaşa iştirakı ilə də daim diqqət mərkəzində olub.

Kərim Vəliyev həmçinin tanınmış nəslin – Vəkilovların nümayəndəsidir və Səməd Vurğunun əmisinin nəticəsidir. Öz genetik kodları ilə də xalqımıza bağlı olan Kərim Vəliyevə qarşı isə sosial şəbəkələrdə iki gündür böhtan atılmasına cəhdlər edilir. Bunlardan biri də guya onun xanımının rus millətindən olmasıdır.

Əvvəla, Azərbaycan tolerant ölkədir və kiminsə xanımının və yaxud özünün hansı millətdən olması heç bir önəm daşımır. Bu ölkədə yaşayan heç bir xalq (ermənilərdən başqa) heç vaxt ayrı-seçkilik etməyib və görməyib. Vətən müharibəsində şəhidlərimiz arasında ölkəmizdəki bütün xalqların nümayəndələri var və onlar öz Vətənlərini qoruyaraq, işğaldakı torpaqlarını azad edərək şəhid olublar.

Bir neçə gün öncə erməni Yutub kanalına çıxıb, Azərbaycan əleyhinə kampaniya aparan və ölkəmizin imicini ləkələməyə, qələbəmizə kölgə salmağa çalışan "tər-təmiz azərbaycanlı” sayılan ünsür 44 günlük savaşda canını bu Vətən üçün qurban verən, məsələn, şəhid Denislə (Denis Pronin) müqayisə oluna bilməz. Bizim qardaşımız da, başımızın tacı da Denis və Denislərdir, o azərbaycanlı adı daşıyan məxluq deyil.

Bu baxımdan bu ölkəni sevən, özünü bu xalqın övladı kimi aparan hər bir kəs azərbaycanlıdır, Vətəndaşımız, Qardaşımızdır və bu ölkədə heç kəs etnik mənsubiyyəti ilə vurula bilməz.

İkinci tərəfdən, fakt odur ki, Kərim Vəliyevin xanımı azərbaycanlıdır. Bu barədə Vəkilovlar nəslinin nümayəndəsi, tanınmış hüquqşünas Səməd Vəkilov sosial şəbəkə hesabında rəsmi açıqlama da yaydı.

Kərim Vəliyevə qarşı heç bir arqument tapa bilməyənlər, onun adına nəsə "toz qondurmaq” üçün müxtəlif variantlara baş vuranlar nəyə nail olmaq istəyir?

Kərim Vəliyevin təyinatı hətta erməni hərbi ekspertləri tərəfindən də həyəcanla izlənildi. Nəcməddin Sadıqovdan sonra Azərbaycan Ordusuna Kərim Vəliyev kimi təmiz, vicdanlı və şərəfli zabitin rəis gətirilməsi daha çox Azərbaycan Ordusunun "Türk ordusunun kiçik modelinə” (Ali Baş Komandan İlham Əliyevin strategiyası) keçidi istiqamətində ciddi addım kimi dəyərləndirildi. Belə halda K.Vəliyevə və Ordumuza çamur atmaq niyyəti yalnız antimilli, erməniniyyətli kampaniya ola bilər.